14-17 mart 2022-ci il tarixində İraq Respublikasının Nazirlər
Kabinetinin tabeliyində olan Federal İctimai Xidmətlər Şurasının
nümayəndə heyəti ölkəmizə səfər edib.
Məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial
innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından
tanış olmaq, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində
Azərbaycan modelinin İraqda tətbiqi istiqamətində müzakirələrin
aparılması olub.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin Aparat
rəhbəri Fuad Qarayev ilə görüş keçirib. Qonaqlara “ASAN xidmət”
mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri
barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və
müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in
yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi
sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər
Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin
rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı
sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Həmçinin, görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif
ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Bundan əlavə 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət
Xidmətləri Forumu çərçivəsində Dövlət Agentliyinin tərəfdaşlıq
etdiyi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları
ilə birlikdə təsis olunan “Dövlət Xidmətləri Göstərən Qurumların
ASAN Beynəlxalq Assosiasiyası” barədə qarşı tərəf
məlumatlandırılıb.
Səfər zamanı qonaqlar 3 saylı Bakı “ASAN xidmət” mərkəzi, Şamaxı
“ASAN Həyat” kompleksi, Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın
fəaliyyəti ilə tanış olublar.
Səfər proqramı çərçivəsində İraq nümayəndə heyətinə Dövlət
Agentliyinin müvafiq şöbələri və EHİM tərəfindən geniş təqdimatlar
edilib.