İran və Azərbaycan arasında münasibətlərdə soyuqluq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tikintisi və başa çatdırılmasına təsir göstərməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində mediaya müsahibəsində deyib.
“Dünən mənim Azərbaycan baş nazirinin müavini, eyni zamanda İran və Azərbaycan arasında birgə komissiyanın rəhbəri olan cənab Mustafayevlə görüşüm oldu. Biz bir çox məsələləri, Şimal-Cənub layihəsinin həyata keçirilməsi aspektlərini ətraflı və detallı müzakirə etdik. Hər iki tərəfin fikri budur ki, ölkələr araında yaranmış siyasi anlaşılmazlıqlar layihənin həyata keçirilməsinə təsir etməməlidir. Mustafayev Azərbaycanda layihə ilə bağlı işi ciddi şəkildə izləyəcəyini vəd etdi”, – deyə nazir bildirib.
Qeyd edək ki, Şimal-Cənub layihəsi Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin – İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb.