Jurnalist və ictimai fəal Kiyanuş Səncəri hökumətin fəallara qarşı repressiyalarına etiraz olaraq intihar edib.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
“Çərşənbə günü axşam saatlarına kimi Fatimə Sepehri, Nəsrin Şakərəmi, Tomac Salehi və Arşam Rzayi sərbəst buraxılmasalar, Əli Xamenei və müttəfiqlərinin diktaturasına etiraz əlaməti olaraq həyatıma son qoyacağam”, – Kiyanuş Səncəri intihar etmədən bir neçə saat əvvəl özünün sosial media hesabında etdiyi paylaşımda xəbərdarlıq edib.
Qeyd edək ki, Səncəri bundan əvvəl 2000-ci ildə, 17 yaşında etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib və bir neçə ay təkadamlıq kamerada saxlanılıb.
O, bundan sonra da “hökumət əleyhinə təbliğat”, “milli təhlükəsizliyə zərbə vurmaq”, “tələbə hərəkatına üzv olmaq” və başqa ittihamlarla 9 dəfə həbs edilib.
Kiyanuş Səncəri təzyiqlərə görə 2008-ci ilin yayında ölkəni tərk edib və 8 il ABŞ-da yaşadıqdan sonra 2016-cı ilin oktyabrında İrana geri dönüb.
Jurnalist İrana qayıtdıqdan sonra dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.