İranlı deputat Tehranı şoka saldı: Əliyevi bir də hədələsəniz…

İranlı deputat Tehranı şoka saldı: Əliyevi bir də hədələsəniz…

Son günlər bir sıra çevrələr və sosial mediada Azərbaycan Respublikasına qarşı kəskin çıxışlar İran azərbaycanlılarının qəzəbi və qıcıqlanmasına səbəb olur. Bu hücumlar Zəngəzur dəhlizi bəhanəsi ilə həyata keçirilir. Bununla belə, aktiv spektrin aydın olduğunu və digər tərəfdən Zəngəzur layihəsinin xüsusi maneələr olmadan həyata keçirildiyini nəzərə alsaq, məqsəd ictimai rəyi bəzi məsələlərdən yayındırmaq, etnik hərəkatları və pantürkist fəaliyyətləri konkret bir məqsəd üçün qızışdırmaq ola bilər.

AzerTimes xəbər verir ki, bu sözləri İran parlamentinin Güney Azərbaycanın Muğan bölgəsindən olan keçmiş millət vəkili Nasir Nəsiri öz məqaləsində yazıb.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycanlılar tərəfindən çox sevildiyini bildirən Nəsiri onlara qarşı xoşagəlməz ifadələrin arxasında başqa məqlamların dayandığını söyləyib:

“Belədirsə, bunu planlaşdıranlar pis çıxış yolu seçiblər. Bu, daha böyük böhrana səbəb ola bilər. Daha uyğun variant və nəhayət, düzgün əlac axtarmaq yaxşı olar. Yox, əgər bu davranışın arxasında başqa məqsəd dayanmırsa, başa düşmək lazımdır ki, Araz çayının hər iki sahilindəki insanların mədəni və etnik bağları qırılmazdır. İran azərbaycanlıları isə Arazın o tayında olduğu kimi, Qarabağın azadlığına sevinirlər”.

Keçmiş millət vəkili Prezident İlham Əliyevin Qarabağın azad edilməsi istiqamətindəki fəaliyyətlərindən də söz açıb:

“Görkəmli siyasətçi, mərhum Heydər Əliyevin oğlu İlham Əliyev 17 illik səbri, hazırcavablığı, düzgün idarəçiliyi və düşünülmüş siyasəti ilə Azərbaycanı təkmilləşdirməklə, inkişaf etdirməklə yanaşı, hərbi qüdrətini də o dərəcədə yüksəltmişdir ki, atasının vəsiyyətinə əməl edərək, 44 günlük müharibədə işğalda olan torpaqlarını azad etdi və ölkəsini daha yaxşı vəziyyətə gətirib çıxardı. Ermənistanın işğalı altında olan zaman onların cinayətlərinə və qətliamlarına məruz qalan, acınacaqlı bir vəziyyətə düşmüş Qarabağın böyük bir hissəsinə nəzarət edə bildi, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan razılaşdılar ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin Ermənistanla əlaqələri Laçın dəhlizi vasitəsi ilə, Naxçıvanın Azərbaycanla, Bakı ilə əlaqəsi isə Zəngəzur dəhlizi (Stalin dövrünə qədər Azərbaycana məxsus idi) vasitəsilə ilə qurulmalıdır.

İlham Əliyevin əməlləri tərəfimizdən bəyənilsə də, bəyənilməsə də, onun müsbət addımları və böyük uğuru, xalqı arasında populyarlığı inkar oluna bilməz. Onun həyat yoldaşı Mehraban xanım isə mədəni və sosial sahələrə, müstəqilliyə istiqamətlənmiş sevgini təbliğ etməklə xüsusi populyarlıq qazana bilib. Buna görə də onları təhqir etmək, alçaltmaq, pisləmək və onlar haqqında cəfəngiyyatlar danışmaq nəinki işə yaramayacaq, həm də bunları edən adamın əclaf olmasına səbəb olacaq”.

Zəngəzur dəhlizi ilə bağlı İranın qorxularından danışan Nəsiri bu keçidin bütün region ölkələrinə fürsət ola biləcəyini qeyd edib:

“Bəzi ekspertlər hesab edirlər ki, Zəngəzur dəhlizi İranla Ermənistan arasında sərhəd əlaqəsini kəsəcək. Onların fikrincə, İran təhdid və gücdən istifadə etmək əvəzinə öz maraqlarını danışıqlar yolu ilə təmin etməyə çalışmalıdır. Çünki təhlükənin müsbət nəticəsi olmayacaq. Unutmaq olmaz ki, Rusiya və daha üç dövlət bu layihənin tikintisini Avropa ilə Asiya arasında birləşdirici amil kimi qəbul edir. Ermənistanın isə Azərbaycan və Türkiyə ilə sülhə, ünsiyyətə ehtiyacı var. Bu halda İran dəhlizin açılması ilə bağlı imzalanan sazişin reallaşmasına mane ola bilməz.

Ermənistan İranla 41 km-lik sərhədini bağlamağa məcbur ola bilər və biz o zaman daha çox təcrid olunmuş ola bilərik. Ancaq dostcasına və Türkiyənin regional birlik təklifi çərçivəsində İran da daxil olmaqla, bütün region ölkələri sülh və dostluq layihəsinin iqtisadi açarı olan Zəngəzur dəhlizindən müsbət fürsət kimi istifadə edə bilərlər. Fayda axtarırıqsa, rasional və ehtiyatlı davranmalıyıq. Dar düşüncə ilə 40 milyona yaxın azərbaycanlını ölkənin (İranın) siyasi sferasından kənarlaşdıranlar, türk dilini bilmədən Azərbaycan və Türkiyədə çalışan səfirlərimiz yanlış siyasətlərlə qardaşlıq sərhədlərini təhlükəyə saldılar”.

Sabiq millət vəkili İranın ölkəmizə qarşı düşmən münasibətini tənqid edib:

“Kaş ki, bizim də Azərbaycana qarşı mövqeyimiz həmişə dost olmağa çalışan cənab Əliyevin İrana münasibəti kimi olaydı! İlham Əliyev Mehribanın əlindən tutub Xudafərin körpüsünün sütununa söykənərək, “Bu körpü dostluq və qardaşlıq körpüsüdür” deyəndə, İran tərəfi snayper kamerası ilə çəkilmiş şəkli dərc edirdi. Amma Əliyev yaramaz vəsvəsələrə boyun əymədi. Əksinə, onlarla nalayiq hərəkət, son vaxtlar səfirliyə qarşı çirkin hücum, cinayətkarın məhkəməsi və ya cəzalandırılması ilə bağlı iş görülməməsi və bu hərəkətə bəraət qazandırmaq cəhdləri belə Prezidenti dostluğa qarşı danışmağa vadar edə bilmədi”.

İranın addımlarını “axmaqlıq”, “xəyanət” adlandıran Nəsiri bunların bədəlini xalqın ödədiyini vurğulayıb:

“Bu gün Astara, Biləsuvar və Araz azad zonasının vəziyyəti acınacaqlıdır. Azərbaycanın həyata keçirdiyi Rəşt-Ənzəli-Astara dəmir yolu layihəsi bağlanıb, Ərdəbil Azad Ticarət Zonası və Aslandüz quru limanının vəziyyətindən danışmaq isə mənasızdır”.

O, Ermənistanın cinayətlərini də xatırladaraq, İranın siyasətinə dəyişiklik etməyəcəyi halda itirəcəklərini sadalayıb:

“Azərbaycanla müharibənin asan iş olduğunu düşünənlər, dini jestlərlə Azərbaycana qarşı kobudluq və ədəbsizlik edənlər Ermənistanın yüzlərlə şiə kəndini dağıdıb, əhalisini qırıb, məscidlərini dağıdanda hardaydılar? Azərbaycanın şəhərlərindən biri olmuş İrəvanda bircə müsəlman yoxdur ki, bu gün – Ramazan ayında o şəhərin 2000 nəfərlik məscidinin xadimi, ya imamı olsun.

100 milyona yaxın əhalisi olan Azərbaycan və Türkiyə ilə 1200 kilometr qardaş sərhəddini niyə 3 milyon əhalisi olan Ermənistanla 41 kilometrlik sərhədə qurban verirsiniz?! Milli maraqlar axtarırsınız?! Bu kiçik sərhəddə etdiyiniz sövdələşməni 1200 km-də edə bilmirsiniz?! Əmin olaq ki, qardaşlıq sərhədlərini itirməklə bu 41 km-i də itirəcəyik”.

İran rejiminə Azərbaycana qarşı münasibətinə, hərəkətlərinə “dur” deyən Nəsiri ölkəsindəki əhalinin acınacaqlı durumundan da danışıb:

“O qədər pis, nahaq sözlər deyirssiniz, nalayiq sözlər işlədirsiniz, amma müqabilində cənab Əliyevdən bir yersiz söz eşitmirsiniz. Durun, daha bu milləti incitməyin! Narazılıq, böhran cəmiyyəti bürüyüb, insanlar yoxsulluqdan, problemlərdən, müharibədən yorulublar, iyrənirlər, yaşamaq istəyirlər. Müəllimlər martın 20-də maaşlarını həmişəkindən daha aşağı alıblar. Yanlış siyasətlərlə orta təbəqə və işçilər yoxsullaşıb, insanlar boğulurlar. Siyasəti öz halına buraxın ki, millət nəfəs alsın. Maraqların və inkişafın təmini müharibə ilə həll oluna bilməz. Azərbaycanla gərginlik yaratmağın ilk nəticəsi Türkiyənin dünən İraqla Fars körfəzinə çıxmaq və İranın marşrutunu aradan qaldırmaqla bağlı razılaşmasıdır. Azərbaycanla gərginliyi çox gec olmadan dostluğa və qardaşlığa çevirmək lazımdır”.

Qeyd edək ki, Nasir Nəsirinin rejimin ölkəmizə qarşı siyasətini sərt tənqid edən bu yazısı “Diplomasiye İrani” saytında çıxdıqdan qısa müddət sonra silinib.

O, Güney Azərbaycanın Muğan mahalının Germi şəhərindən 19 fevral 2005-ci ildə keçirilən parlament seçkilərində qalıb gələrək millət vəkili olub.

Teqlər: