Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad Milli Məclisin üzvü Razi Nurullayev və Naqif Həmzəyevi terrorizmi dəstəkləməkdə ittiham edib.
AzerTimes xəbər verir ki, o, bu barədə özünün Tvitter hesabında yazıb.
“Bakı parlamenti”nin (İranlı Azərbaycan Respublikasını aşağılamaq üçün bu ifadədən istifadə edib – red.) iki deputatının münafiqlərin (oxu: Xalq Mücahidləri Təşkilatı), terror qruplaşmasının iclasında həyasızcasına iştirakı terrora açıq dəstəkdir. Avropa və amerikalıların münafiqlərə dəstək verməkdən çəkindiyi bir vaxtda bu millət vəkillərinin belə bir axmaqlığı sionistlərlə münasibətlərin nəticəsidir”,- iranlı nümayəndə bildirib.
Qeyd edək ki, hakimiyyətin mühafizəkar qanadına mənsub olan Ruhullah Mütəfəkkir Azad bundan əvvəl də müxtəlif məsələlərlə bağlı Azərbaycan Respublikasına qarşı çıxışlar edib.
Xatırladaq ki, İran Xalq Mücahidlərinin iyulun 1-də Parisdə baş tutan toplantısında dünyanın bir sıra siyasətçiləri ilə yanaşı, Milli Məclisin üzvləri də iştirak edib. İran mediası, xüsusilə SEPAH-a yaxın mətbuat orqanları və “Səhər” televiziyası da azərbaycanlı millət vəkillərinin İran Milli Müqavimət Şurasının təşəbbüsü ilə Parisdə keçirilən “Azad İran – 2023” beynəlxalq konfransında iştiraklarını geniş müzakirəyə çıxarıblar.