İran kino və televiziyasının ən tanınmış simalarından olan Əfsanə Bayqan səhnədən birdəfəlik uzaqlaşıb.
AzerTimes xəbər verir ki, aktrisa bu barədə özünün sosial media hesabında paylaşım edib.
Sənətçi hazırda İranda kino, ümumiyyətlə sənət aləminin hörmətsizləşdirildiyini yazıb, ömrünün qalan hissəsini qəzəb və kindən uzaq, dinc şəkildə yaşamaq istədiyini bildirib.
Əfsanə Bayqan, həmçinin, özünün seçdiyi geyim tərzinə görə hakimiyyət tərəfindən ağır təzyiq və ittihamlara məruz qaldığını söyləyib.
“Bütün bunlara baxmayaraq, ölkədən getmək fikrim yoxdur. Xalqın kədərli və sevincli günlərində onlarla bir yerdə olmağı seçmişəm. İstəyim zülmə məruz qalan kədərli insanların azacıq da olsa qəmlərini dağıtmaqdan ibarət olub. Səhnədən getmək ictimai məsliyyətlərimdən imtina etmək anlamına gəlməz”, – Bayqan qeyd edib.
Xatırladaq ki, iyulun 5-də Tehran məhkəməsi Əfsanə Bayqanı çağıraraq, onun yaylıq bağlamadan papaq taxaraq teatra getməsinə görə aktrisaya qarşı ittiham irəli sürüb.
Əfsanə Bayqan son 40 ildə İran kinosunun ən məşhur simalarından biri və vətəndaşlar tərəfindən ən çox sevilən sənət adamıdır.
O, xüsusilə 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarında narazılara dəstək verib, hakimiyyətin repressiyalarını pislədiyi üçün hökumət tərəfindən təzyiqlərə məruz qalıb.