Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Bu barədə AzerTimes-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.
Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Xalid Teyyub oğlu Rəhimov saxlanılıb.
Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli “Dimenhydrinate 50 mg – Jalinous” həbləri aşkar edilərək götürülüb.
Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:35-də Yardımlı rayon sakinləri – Saiq Teyyub oğlu Rəhimov və Cavid Əliisa oğlu Cabbarov, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.