İranın Zəngəzur qorxusu: Qonşumuzu narahat edən nədir?

İranın Zəngəzur qorxusu: Qonşumuzu narahat edən nədir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı Zəngəzur dəhlizinin açılmamasında ən çox israr edən ölkənin İran olduğunu bildirib. Türkiyə prezidenti İranın bu yanaşmasını Azərbaycan və ölkəsini narahat etdiyini də dilə gətirib.

Zəngəzur dəhlizinin bu qədər cəlbedici olmasının səbəbi nədir?

Heç kimə sirr deyil ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilk növbədə Azərbaycanla Ermənistan arasında sülhə yönəlik atılan mühüm addım olmaqla yanaşı, həm də Bakı ilə İrəvan arasında uzun illər mövcud olmuş düşmənçilik münasibətlərini aradan qaldıracaq. Bu addım regionun ən dərin, köklü münaqişəsinə son qoymaqla yanaşı, bölgəni sabitlik adasına çevirəcək.

Eyni zamanda Pekini Londona birləşdirən Zəngəzur dəhlizi bölgənin iqtisadi tempini yüksəldəcək. Və beləliklə, region dövlətlərinin iqtisadi və siyasi çəkisi beynəlxalq aləmdə qalxacaq.

Dəhlizin açılmasında Rusiyanın rolu

Qitələrarası kommunikasiya roluna malik Zəngəzur dəhlizinin açılmasında əsasən bölgə dövlətləri maraq və səy göstərməlidir. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə kommunikasiya xətlərinin açılmasında ən çox səy göstərən dövlətlərdir. Hətta Azərbaycan Prezidenti İlham Əliyevə İkinci Qarabağ müharibəsinin başa çatdığı ilk günlərdə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə, Rusiya və İran) formatını təklif etdi.

Hazırda kommunikasiyaların açılması Qərb tərəfdən ciddi sanksiyalar altında olan Rusiyanın da marağındadır. Məhz bu səbəbdəndir ki, artıq Kreml özü Ermənistana kommunikasiya xətlərinin açılması üçün təkliflər verir və bunun vacibliyini bildirir.

İranın narahatlığı

İran dəhliz məsələsinin gündəmə gəldiyi gündən bunun ölkəsi üçün təhdid olduğunu və “sərhəd məsələsi”nin “qırmızı xətti” halına gəldiyini açıq-aşkar dilə gətirdi.

Əslində isə dəhlizin açılması heç də İran üçün təhdid deyil. Sadəcə Tehranın pərdəarxası qayğıları var: ilk növbədə Türkiyə-Azərbaycan əlaqələrinin quru yol üzərindən bərpası Tehranı narahat edir. Belə ki, rəsmi Tehran uzun illərdir Qarabağın işğalına dəstək verməklə, həm də məhz Zəngəzur üzərindən tük dövlətlərini birləşdirən yola, Bakı-Ankara xəttinə nəzarət edirdi. Ki, türk qolu güclənməsin.

İranı narahat edən digər səbəb isə Ermənistan-Azərbaycan-Türkiyə əlaqələrinin bərpa edilməsidir. Tehran hesab edir ki, əgər Ermənistan türk dövlətləri ilə əlaqələrini bərpa edərsə, o zaman bu ölkənin İrandan asılılığı azalmış olacaq və Tehranın Qafqaza təsirini heçə endirəcək.

Üçüncü əsas səbəb Türkiyənin regionda əsas gücə çevrilməsidir. Tehran Cənubi Qafqazın tam Türkiyənin nəzarətinə keçməsini həzm edə bilmir.

Ancaq İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycanın liderliyində bloklaşma meydana gəlib ki, bu da güc balansının iki qardaş ölkənin xeyrinə dəyişdiyini göstərən amilə çevrilib. Güc balansının oxu məhz Azərbaycan və Türkiyənin üzərində dövr edir. Bu balans həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə özünü açıq aşkar göstərir. Bu gün bölgədə sabitliyin yaranmasında və Zəngəzur dəhlizinin açılmamasında maraqlı olan İran nəhayət anlamalıdır ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur. Əks təqdirdə onsuz da Azərbaycan prezidentinin də dediyi kimi, Zəngəzur dəhlizi mütləq açılacaq. O zaman yanan da İran olacaq, yaman da!

Teqlər: