“Hüseyniyyun” terror qruplaşmasının Təbrizdəki konsulluğumuzun qarşısında diplomatların şəhəri tərk etmələri tələbi ilə aksiyaya keçirəcəyi haqda məlumat yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Bakının öz statuslarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatları ölkədən çıxarması addımına qarşı Tehranın cavab verəcəyi gözləniləndir. Abdullahianla Bayramovun telefon müzakirəsində layihələrin və təmasların davam etdirilməsi razılaşdırılsa da, gərginliyin aradan qalxacağı ehtimalı kiçikdir. Baş verənlər Təbrizdəki konsulluğumuzun əsas hədəflər sırasında olduğunu göstərir: “Hüseyniyyun” qruplaşması ilk aksiyasını “MOSSAD yuvası” ittihamı ilə keçirdi, ikincisində “diplomatların çıxarılması” tələbini irəli sürəcəksə, növbəti addımlarda Tehran rejiminin təbliğat maşınının “şər yuvası” elan etdiyi konsulluq binasına müdaxilənin ola biləcəyi də istisna edilməməlidir”, – o qeyd edib.