İranın paytaxtı dəyişdirmək məsələsi yeni bir mövzu deyil. 20-25 il bundan əvvəl ölkə rəhbərliyi arada bir dilə gətirib, lakin həyata keçməyib. Hələ o zamanlardan Təbriz və İsfahanın paytaxt olacağı ilə bağlı danışıqlar gedirdi.
Bu sözləri AzerTimes-a güneyli araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər paytaxtın Tehrandan Təbrizə köçürüləcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Onun sözlərinə görə, Təbrizin paytaxt olması ehtimalı indi də istisna olunmur:
“Təbrizin paytaxt olmasına meyil siyasi baxımdan aktualdır. Çünki bu şəhərdə türkçülük, azərbaycançılıq mövzusu qabarıqdır. Təbrizlə bağlı qərar verilsə, siyasi qərar olacaq. Çünki hakimiyyət prosesləri yaxından izləmək və kontrol etmək üçün paytaxtı Təbrizə köçürə bilər. Tarixdə belə gedişlər olub. 15-16-cı əsrdə yaşamış italyan diplomat Nikola Makiavelli paytaxtın dəyişdirilməsi məsələsinə öz kitablarında toxunub. Onun baxışlarına görə, əldə saxlanması çətin olan əraziləri qorumaq üçün paytaxtı məhz ora köçürürlər. Osmanlı imperiyasından misal gətirilir. Bu baxımdan İran hakimiyyətinin siyasətini dəyərləndirsək, Təbrizi ölkənin paytaxtı edə bilərlər. Lakin mən buna az ehtimal verirəm ki, paytaxt, ümumiyyətlə, köçürüləcək. Olsa da, Təbriz olmaz”.
Məhəmməd Rəhmanifərin sözlərinə görə, bu ideyanı həqiqətən reallaşdırmaq məqsədləri olsa, paytaxtın İsfahana köçürülməsi ehtimalı daha çox ağlabatandır:
“Nəzərə alsaq ki, Prezident Məsud Pezeşkian “cənub” sözünü dilə gətirib. İsfahan bu istiqamətdədir, ola bilsin, prezident buranı qəsd edib. İsfahan lobbisi daha güclüdür. Paytaxtın İsfahan olmasına nail ola bilərlər. Bəziləri ehtimal edir ki, Bəsrə körfəzinə yaxın olan şəhərlər nəzərdə tutulur. Məqsədləri nə olursa-olsun, paytaxtın köçürülməsi bir o qədər də asan məsələ deyil və hesab edirəm ki, reallaşmaz. Bütün vədlər kimi, bu da bir neçə ildən sonra unudulub gedəcək və paytaxt heç yerə köçürülməyəcək”.