İranın yalnız bir “xarici” TV-si var – o da Bakıya qarşı

İranın yalnız bir “xarici” TV-si var – o da Bakıya qarşı

Uzun illərdir ki, İran Azərbaycana qarşı qərəzli, bəd niyyətə xidmət edən fikirlər irəli sürür. Dövlət məmurlarına və Azərbaycanın ali rəhbərliyinə böhtanlar yağdırılır. Dövlətçiliyimizə və milli kimliyimizə qarşı düşməınçilik münasibəti nümayiş etdirilir. Milli şəxsiyyətlərimizi, liderlərimizi və tarix-ənənəmizi təhqir edir, ərazi bütövlüyümüzə qarşı ciddi təxribatlar törədir.

Belə bir məkrli siyasət yeridən Səhər TV İran dövləti tərəfindən maliyələşdirilən rəsmi dövlət kanalıdır. Münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, Səhər TV daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. Bu kanal Azərbaycanda yerli problemləri qabardaraq ölkədə etnik problemlər çıxarmağa çalışır. Bəzən şəhidlərimizi və qələbəmizi gözdən salmaq üçün şər-böhtan yağdırır. Azərbaycan Ordusunun əməliyyatlarını və Zəfərini hər gün küçümsəyir. Ordumuzun 44 gündə əldə etdiyi böyük Zəfəri isə az qala İranın hesabına yazmaq cəsarəti göstərir.

İslamdan, dindən danışır, amma dini nifaq yaratmağa çalışır. Azərbaycanda şiə-sünni qarşıdurması yaratmağa cəhd edir və dini fanatizmi dəstəkləyir. Məzhəb dəyərlərini İran dəyərləri kimi təqdim etməklə, xalqın dini düşüncəsini istismar edir. Bu kanalın verilişlərinə baxanda İranın Azərbaycana qarşı nə qədər düşməncəsinə siyasət yürütdüyünü müşahidə etmək mümkündür.

Səhər TV-dən fərqli olaraq, İrandan Ermənistan üçün yayımlanan erməni dilində TV kanalı yoxdu. Sadəcə, bəzi erməni dilində xəbər saytları və Teleqram kanalları mövcuddur ki, onlar da ancaq Ermənistan Respublikasının “nailiyyətləri” və rəsmi mövqeyini əks etdirir.

İran rəsmiləri Səhər TV-nin yayımlarını bəzən Güney azərbaycanlılarla əlaqələndirirlər, lakin bunun İranda olan Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdu. Hətta Səhər TV Güney Azərbaycan şəhərlərinin heç birində göstərilmir. Kanalın ferekansları yalnız Azərbaycan Respublikası üçün nəzərdə tutulub.

Maraqlı olan budur ki, İran rejimi bu siyasəti illərdi davam etdirir, amma rəsmi Bakı daim qonşuluq münasibətlərini nəzərə alaraq İrana qarşı təxribatlara icazə verməyib. Hətta beynəlxalq səviyədə İrana qarşı təzyiqləri, bəyanatları və qətnamələri də İranın mövqeyinə ziyan gətirəcək tərzdə dəstəkləməyib, İranı pisləyəcək heç bir sənədə səs verməyib. Buna baxmayaraq, İranın Azərbaycana qarşı münasibəti bütün pərdələmə cəhdlərinə baxmayaraq, açıq-aydın ortadadır.

Azərbaycanın müsəlman ölkəsi olmasına rəğmən, İran Ermənistanla münasibətlərini az qala müttəfiqlik səviyyəsinə qaldırıb. Təbii ki, İranın belə siyasəti Azərbaycan xalqında ona qarşı nifrət hisslərini oyadacaq. Bu tərz rəftarlarla düşmənçiliyini bundan artıq gizlədə bilmir. Səhər TV-nin son günlər yayımlanan verilişləri bunu tam açıq şəkildə ortaya qoyur. İranın Ermənistanın Qarabağda bütün cinayətlərinə göz yumub, Xocalı soyqırımını heçə sayıb, məscidlərimizə donuz bağlamalarını görməzdən gəlib, erməni terrorçularını dəstəkləyərək, din və məzhəbdən danışmağa mənəvi haqqı yoxdu.

Səhər TV Azərbaycana qarşı təbliğat mexanizmini ancaq məzhəb və din üzərində qurub. Azərbaycan Respublikasının dövləti, xalqı, ictimai qurumlarının Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı haqsızlıqlar qarşısında susmamağa, onların səsi və dayağı olmağa həm mənəvi haqqı var, həm də soydaşlıq vəzifəsi daşıyırlar. Vətənimizin müstəqil olan hissəsində həm dövlət, həm də millət müstəqil olmayan soydaşlarını bütün imkanları ilə dəstəkləməlidir. Bu, təkcə vətəndaşlıq borcu deyil, həm də milli missiyadır, vəzifədir. Harada yaşamasından asılı olmayaraq, azərbaycanlıların haqq və hüququndan danışmaq, onları müdafiə etmək, Azərbaycan dilini, ədəbiyyatını, tarixini, mənəviyyatını, incəsənətini təbliği etmək, soydaşlarımıza tanıtmaq heç bir ölkəyə qarşı düşmənçilik demək deyil. Azərbaycan Respublikası Səhər TV-dən fərqli olaraq bu istiqamətdə daha böyük fəaliyyətlər həyata keçirməlidir. Müxtəlif saytlar, TV-lər, sosial şəbəkələrdə yaradılan hesablarla güneyli soydaşlarımızı onların rahat başa düşəcəyi dillə, əlifba ilə maarifləndirməlidir. Bu, azərbaycanlıları separatizmə meyilləndirmək deyil, onların hüquqlarını, milli kimliklərini, mənəviyyatlarını onlara bir daha xatırlatmaqdır. Bu, həm də bizim öz hüququmuz, mənəviyyatımız və milli kimliyimizdir. Özümüzü təbliğ etmək beynəlxalq qanunlara görə başqa ölkəyə qarşı düşmənçilik etmək deyil.

Teqlər: