Şimali Kipr Türk Respublikasının Lefkoşa Avropa Universiteti Fənn-ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün rəhbəri, ədəbiyyatşünas Nazim Muradovun AzerTimes-a müsahibəsi:
– Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günündə Təbriz, eləcə də Güneyin bir neçə başqa bölgəsində “Fars dili və poeziyası günləri” adlı silsilə tədbirlərin keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?
– Bildiyimiz kimi, bu il xüsusilə təntənəli keçirilir. Tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehranda və İranın bir çox şəhərində də baş tutacaq. Bu isə İran rejiminin riyakar və altniyyətli siyasətinin nəticəsidir. Çünki Şəhriyarın fars deyil, bir Azərbaycan şairi olması, bunun qəbul edilməsi onlar üçün yolverilməzdir. 2000-ci ildən qəbul olunan qərara əsasən, əslən azərbaycanlı olan Şəhriyarın anım gününün “Fars dili və poeziyası günü” kimi qeyd edilməsi heç də təsadüfi deyil. Bu da digər xalqları sıxışdırmağın və görməzdən gəlməyin bir yoludur.
– Şəhriyarın əsərlərinin tanınmasında Məhəmməd Əmin Rəsulzadənin böyük rolu olduğu deyilir…
– Doğrudur. Böyük Azərbaycan şairi olan Şəhriyarın əsərlərinin dünyada, əsasən də Türkiyədə tanınmasında M.Ə.Rəsulzadənin rolu danılmazdır. Rəsulzadə kimi siyasi bir şəxsiyyətin böyük bir pərəstişlə Şəhriyarın əsərlərini elm aləminə təqdim etməsi təqdirəlayiq bir hadisədir. Türkiyədə şəhriyarşünaslığın banisi olaraq M.Ə.Rəsulzadənin əməyi danılmazdır. Onun “Ədəbi bir hadisə” adlı Şəhriyara həsr olunan iki hissədən ibarət məqaləsi böyük mütəfəkkirin ömrünün sonuna iki həftə qalmış yazdığı son əsəri idi. Məqalə 1955-ci ilin fevral ayında “Azərbaycan” jurnalında çıxıb. Bəlkə də öz yazısının çapını görmədən, yazdıqdan çox az müddət sonra vəfat edən Rəsulzadənin son əsərinin Şəhriyara həsr olunması ona nə qədər dəyər verməsinin bir daha sübutudur.
– Şəhriyarın mənzum şeirləri ilə bağlı nə deyə bilərsiniz?
– Bəli, onun Bulud Qaraçorlu Səhəndlə mənzum məktublaşması var. Hansı ki, Səhənd Şəhriyarın bir az ehtiyatlı davrandığını gördüyü zaman “Qorxma, ustadım, qırılan zəncirdir, sınan qəfəsdir” deyə mənzum məktub yazır. Bu məktuba böyük şairin yazdığı cavab ədəbiyyat tariximizdə mənzum məktublaşmanın ən gözəl və bariz nümunələrindən biridir.
– Şəhriyarın əlifba məsələsi ilə bağlı mövqeyi necə olub?
– Onun ərəb əlifbasını dəstəkləməsi məlumdur. Çünki əlifbanın dəyişilməsini mədəniyyətimizə zərbə kimi qiymətləndirirdi. Bu, ərəb əlifbasından başqa bir əlifba bilməyən Şəhriyar üçün normal sayıla bilərdi.
– Şəhriyar Məhəmməd Füzulinin əsərlərini “3 dildə yazılmış Quran” adlandırıb. Onun Füzuli sevdasını nə ilə əlaqələndirirsiniz?
– Ümumiyyətlə, heç bir fars şairi 3 dildə əsər yaratmayıb. Çünki farsdilli şairlər əsasən əsərlərini ya fars, ya da ərəb dilində yazıblar. 3 dildə yazıb-yaradan Azərbaycan şairi Məhəmməd Füzuli ilə fəxr edən Şəhriyar onun yaradıcılığını yüksək qiymətləndirib, ondan örnək götürdüyünü dəfələrlə qeyd edib.
– Görünür, İran rejimi Şəhriyarı da digər böyük ədəbi şəxsiyyətlərimiz kimi mənimsəmək istəyir…
– Yuxarıda da qeyd etdiyim kimi, heç bir siyasət, heç bir riyakar davranış Məhəmmədhüseyn Şəhriyarın əsl Azərbaycan şairi olması faktını dana bilməz. İllər-qərinələr keçəcək, çox rejimlər, hakimiyyətlər dəyişəcək. Amma dəyişilməyən tək bir həqiqət qalacaq: O, əsl Azərbaycan şairidir!