Şimali Atlantika Alyansı İranın Rusiyaya PUA-lar verdiyinə şübhə etmir və Tehranın bundan sonrakı hərəkətlərini izləyir.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“Mən heç vaxt konkret kəşfiyyat məlumatlarından danışmıram, amma deyə bilərəm ki, hər şey İranın Rusiyaya pilotsuz təyyarələr verdiyini göstərir. Biz bütün ölkələri, o cümlədən İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməyə çağırırıq”, – Stoltenberq bildirib.
O qeyd edib ki, NATO Rusiyanı təkcə PUA-larla deyil, həm də raketlərlə təmin etmək niyyəti barədə xəbərlər fonunda İranın hərəkətlərini diqqətlə izləyir:
“Bu, hərbi təcavüzdür. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, Avropadakı suveren dövlətə hücumdur. NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş dəstək verirlər. Ötən həftə bir neçə ölkə hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi və bu yaxınlarda müşahidə etdiyimiz dəhşətli dron hücumları yalnız Ukraynaya dəstəyin artırılmasının aktuallığını vurğulayır”.