ABŞ hakimiyyəti hesab edir ki, İranın nüvə proqramı üzrə Birgə
Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası ilə bağlı Vyanada
aparılan məsləhətləşmələr son mərhələdədir.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat
xidmətinin rəhbəri Ned Prays çərşənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, maraqlı tərəflərin iştirakı ilə mürəkkəb
danışıqlar hazırda ən son mərhələdədir.
“Bu, Plan çərçivəsində qarşılıqlı öhdəliklərin yerinə
yetirilməsinə qayıdışın mümkün olub-olmadığını müəyyən edəcəyimiz
həlledici dövrdür”, – N. Prays vurğulayıb.
ABŞ Dövlət katibi ilə İran xarici işlər naziri arasında Münhendə
görüşün gözlənilmədiyini bildirən Prays əlavə edib ki, onun ölkəsi
və İran arasında birbaşa danışıqlar ABŞ-ın maraqlarına uyğun
olardı.