İran və İsrailin hərbi toqquşmaya hazırlığı haqda məlumatlar yayılır. Aviaşirkətlər hər iki ölkəyə səfərləri dayandırıb, İran Xarici İşlər Nazirliyi İsrailə “Gəlirik” mesajını ünvanlayıb. Dövlət televiziyası isə İsrailə bir neçə saat ərzində hücum ediləcəyini elan edib.
Bütün məlumatlar döyüşə hazırlığın getdiyi yönündədir. Lakin bu döyüşün hansı miqyasda olacağı hələ də sual altındadır. Mümkün “əməliyyat”ın hansı formada olacağını təxmin etmək mümkündür: aprel ayında baş verən PUA və raketlərin “karqo yükünə” bənzər formada göndərilməsi təkrarlana, bu dəfə müəyyən hədəflərin vurulması ilə “yeniliklər” əlavə edilə bilər.
Əks halda, bütün dünyanın bu və ya digər formada iştirak edəcəyi regional müharibə baş verə bilər. Ki, İran “qisas əməliyyatı” keçirmək istəsə də, genişmiqyaslı toqquşmada maraqlı deyil. Hücumun öncədən rəsmi şəkildə elan edilməsi də baş verənlərin “qisas”dan daha çox, görüntü xarakteri daşıyacağı gözləntisini artırır.
Hərçənd, tərəflərin üçüncü ölkələrin ərazisindəki toqquşmaları genişlənə bilər: İsrailin dayanmayacağı, İrana bağlı qüvvələri, xüsusilə Hizbullahı sıradan çıxarmaq – ən azı zəiflətmək istiqamətində hücumlarını intensivləşdirəcəyi aydın görünür. İran da “müqavimət oxu”na daxil edilən qüvvələrlə İsrailə qarşı “sürünən müharibəni” gücləndirəcək.