Xəbər verdiyimiz kimi, İran Ermənistana 500 ədəd “Dehlaviyeh” (Dehlaviye), 100 ədəd isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi verib.
AzerTimes xəbər verir ki, bu komplekslərin göstəriciləri Rusiyanın 3-cü nəsil (bəzi ekspertlər 2+ nəsil sayır – red.) “Kornet” TƏİR-ləri ilə eynidir. Sadəcə “Kornet”lərdə olan gecə termal hədəf sistemləri İran komplekslərində yoxdur.
İranın Ermənistana göndərdiyi TƏİR-lərin qiyməti ilə bağlı isə dəqiq məlumat mövcud deyil.
Ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistana verilən silahlar hədiyyə olduğu üçün onların dəyərilə bağlı məlumat verilməyib:
“İran silahları elə də baha olmur. Çünki onlar ən ucuz komponentlərdən istifadə edirlər. Bu isə onların maya dəyərini aşağı salmağa imkan verir. “Dehlaviye” kompleksinin surəti hesab edilən “Kornet”lərin qiyməti 125 min dollar təşkil edir”.
Açıq mənbələrdə göstərilməsə də, bir sıra ekspertlər “Dehlaviye”nin “Kornet”in yarı qiymətinə – maksimum 50-60 min dollara olduğu qənaətindədirlər. Bu qiymətlərlərlə hesablasaq, İran Ermənistan 30 milyon dollarlıq silah hədiyyə edib.