“İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur” – İrandan sǝslǝr

Son günlərdə həmişə din, tarix və mədəni tellərlə bağlılıqları vurğulanan İranla Azərbaycan arasında gərginlik zirvə həddindədir.

Bakı Tehranı Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırmaqda ittiham edərək, Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində İran yük maşınlarını yoxlamağa və onlardan rüsüm ödəməyi tələb etməyə başlayıb.

Tehran Bakının İsraili Azərbaycana gətirdiyini, Ermənistana yük daşıyan iki sürücüsünü saxladığını iddia edib, bunun ardınca isǝ İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq “Xeybər fatehləri” təlimini keçirib.

Daha sonra isǝ İranın öz ərazisi üzərindən Bakıdan Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoyduğu xəbəri yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi bunu indiyə kimi nə təsdiq, nə təkzib edib.

Bǝzi tǝhlilçilǝrǝ görǝ, bütün bunlar iki ölkə arasında gərginliyin təhlükəli həddə, açıq münaqişəyə keçə biləcək həddinə çatdığından xəbər verir.

Görəsən, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafını necə qiymətləndirirlər?

AzerTimes BBC News-a istinadən xəbər verir ki, bu məsələ barədə sıravi iranlıların fikirləri öyrənilib.

Müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.


Bu işin sonu savaş olmaz

İranın Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Ğəimi hesab edir ki, “bu problemlərin kökü gedib çıxır Qarabağ savaşına.”

“İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəb oldu. Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi bir təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır”, – o söyləyib.

“Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz. Üstəlik, hər ikisi də şiə toplumudur və dərin ortaq tarixləri var”, – Məhəmməd Ğəimi deyib.

Biz savaş istəmirik

Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, “İranın özü nə etdiyini bilmir”.

“Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki?

İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq”.

Teqlər: