Çinin İrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağrılaraq Pekinə etiraz notası verməsi sıradan hadisə deyil. Tehran Qərbə qarşı mübarizədə Çinlə strateji tərəfdaşlığa ümid edir, bu ölkə ilə 400 milyard dollarlıq uzunmüddətli yatırım sazişinə imza atıb. Ancaq məlum olur ki, Pekin Tehranın regional siyasətini dəstəkləmək fikrində deyil.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın Çinə mübahisəli adalara görə nota verməsi haqda qeyd edib.
“Tehranın Pekinin siyasətindən narazılığına səbəb olan amil “Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi”dir. İran 3 ada (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir. Tehran ümid edir ki, Pekin İranla strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcək. Pekinin Tehranın istəyi üzərinə mövqeyinə düzəliş edəcəyi problematikdir.
Pekin Tehranla tərəfdaşlıqda maraqlı olsa da, ərəb ölkələri ilə əməkdaşlığın genişlənməsi siyasətini də həyata keçirir. Pekin bugünlərdə ərəb ölkələri ilə birgə sammit keçirib. Çin ərəb ölkələrinə həm yatırımlarını artırıb, həm də ortaq layihələr reallaşdırmaq istəyir. Çin ərəb ölkələrinin enerji imkanlarından daha çox faydalanmaq istəyir. Bu isə o deməkdir ki, Pekin İranın bir qisim ərəb ölkəsi ilə mübahisəsində Tehranı dəstəkləmək fikrində deyil”, – o bildirib.