İranın Bakıya qarşı casusluq fəaliyyəti və mexanizmləri

İranın Bakıya qarşı casusluq fəaliyyəti və mexanizmləri

1991-ci ildə müstəqilliyimizi bərpa edən kimi Xameneyi Arazın o tayından elan etdi ki, “həmişə komponent bütünlüyə, kiçik isə böyüyə birləşir”. Və bununla Arazın bu tayını ələ keçirmək hədəfini açıqlamış oldu. Elə həmin günlərdən başlayaraq İran Azərbaycanın ələ keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verib.

İran rejiminin istifadə etdiyi əsas rıçaq şiəlikdir. I Qarabağ müharibəsində “Ermənistana silah, Azərbaycana saqqız” siyasətini həyata keçirən molla rejimi “şiə qardaşlarım” təbliğatı ilə ələ keçirmə planının təməllərini atırdı. İranın Azərbaycana qarşı şiəliyin vitrin təşkil etdiyi siyasəti Yaxın Şərq coğrafiyasında tətbiq etdiyi hibrid metodlarından fərqlənmir:

– Şiəlik vitrini altında “xomeynizmi” yaymaq və Azərbaycanda milli kimliyin dini kimliklə əvəzlənməsinə nail olmaq;

– Dövlət və özəl sektorda casusları vasitəsilə möhkəmlənmək;

– Livanda yaratıqları “Hizbullah” modeli üzrə silahlı siyasi müxalifət formalaşdırmaq;

– Və yekun hədəf olan “şəriət rejimi”ni qurmaq;

İran rejimi 1990-cı illərdən etibarən bu məqsədlə Azərbaycanda casus şəbəkəsini yaratmağa çalışır. Şəbəkənin formalaşdırılması bir neçə istiqamətdə həyata keçirilib.

– İran kəşfiyyatçıları ilə azərbaycanlı xanımların evləndirilməsi;

– Dini təbliğatla inanclı insanların üzərində “hakim mövqe”yə nail olmaq və təsir agentlərindən ibarət şəbəkə qurmaq;

– İranda (Qum, Məşhəd kimi bölgələrdə) dini təhsil almağı təşviq etmək və tədrisi azərbaycanlıların milli kimliyinin dini kimliyə dəyişdirilməsi yönündə aparmaq;

– Şiələrin müqəddəs hesab etdikləri məkanlara – Məşhəd, Qum, Kərbəla, Nəcəfdəki ziyarətgahlara gedən azərbaycanlıların din, pul, eləcə də şantaj yolu ilə ələ alınması və s;

Bir neçə gün öncə Türkiyə mediasında yayımlanan araşdırma İranın Azərbaycanda effektiv casus şəbəkəsini yaratmaq işinə 27 il öncə başladığına dair tutarlı informasiyaları ortaya çıxardı: 1996-cı ildə Tehranda “Azərbaycan masası” adlı xüsusi qrup yaradılır, ETTELAT və SEPAH-a bağlı 4000 casus seçilir və onlara Azərbaycanla bağlı vacib məlumatlar – coğrafiya, dil, mədəniyyət – öyrədilir. Tehranda bu proses aparılarkən İranın Azərbayandakı səfirliyinə dini meylli ailələr haqqında genişçaplı məlumatlar toplanması tapşırılır. Xüsusi seçilmiş casuslar və Azərbaycan ailələri haqqında məlumatlar hazır olanda “evlilik planı”na start verilir. Məlumatlara görə, 1997-2011-ci illəri əhatə edən xüsusi proqram çərçivəsində 3500 İran casusu azərbaycanlı xanımlarla evlənir, əvvəlcə həyat yoldaşını Xameneyiyə, onun şiəlik adı altında həyata keçirdiyi “Xomeynizm” təliminə biət etdirir, daha sonra Azərbaycan vətəndaşı ilə evli şəxs adı altında kamuflyaj olaraq, topladıqları kəşfiyyat məlumatlarını İrana göndərir, eyni zamanda, molla rejiminin təbliğatını həyata keçirirlər. Bütün bu faktlar Azərbaycan xüsusi xidmət orqanlarının “evli casus”ları ifşa etməsi nəticəsində ortaya çıxıb, hətta iddia olunur ki, ifşalar başlayanda 700 iranlı casus ya gizlənib, ya da qaçıb.

Bu müddətdə molla rejimi “xomeynizmin” Azərbaycana ixracı məqsədilə xüsusi “emissarlar” da hazırlayırdı: belə şəxslər Qumda təhsil alan tələblər arasından seçilir və geri qayıdaraq, “təsir agenti”ni kimi fəaliyyətə başlayırlar. Onların əsas işi məlumat toplamaqla yanaşı, məscidlərdə, yaxud yas və digər məclislərdə İslamın yox, İranın siyasi-ideoloji prinsiplərini təbliğ etmək olub.

1990-cı illərdən 2010-cu illərə qədərki dövr İranın Azərbaycandakı casusluq fəaliyyətinin ilk mərhələsi hesab edilə bilər:

Birincisi, “evli casus” şəbəkəsi üzərindən dövlət və özəl sektora sızmaq;

İkincisi, inanclı kəsim arasında İrana bağlı qruplar formalaşdırmaq və icmalaşdırmaq;

Üçüncüsü, təşkilatlandırılmış qrupları siyasi meydana çıxarmaq;

2010-cu ildən 2012-ci ilə qədər üç dəfə keçirilən “hicab aksiyası”nı ilk mərhələnin tamamlanması və İrana bağlı qrupların hazırlığının “yoxlanılması” kimi də dəyərləndirmək mümkündür.

İlk mərhələ adlandıra biləcəyimiz 1990-2010-cu illərdə İran fəaliyyətini dövlət-özəl sektor və siyasi müxalifət olmaqla iki platformada həyata keçirirdi.

– “Evli casus” proqramı ilə dövlət-özəl sektorda təsir imkanlarını genişləndirməyə çalışır;

– “Siyasi İslam” proqramı ilə siyasi müxalifət düşərgəsində dayaqlarını möhkəmləndirməyə cəhd edirdi;

Və xüsusilə 2005-ci ildən sonra siyasi müxalifət düşərgəsində fəaliyyətini aktivləşdirdi. Burada üç mümkün səbəb həlledici rola malik idi:

1. Müxalifət partiyalarının zəifliyinin düşərgədə yaratdığı boşluğu “siyasi İslam” proqramı üzrə doldurmaq imkanı yaranmışdı;

2. “Siyasi müxalifət” missiyasını icra edən İslam Partiyası istənilən effekt vermir, xüsusilə Azərbaycan dövlətinin risklərə qarşı addımları bu partiya üzərindən fəaliyyət imkanlarını məhdudlaşdırırdı;

3. Əsas hədəf olan “silahlı siyasi müxalifət”in qurulması üçün öncə “dayaq”lar yaradılmalı idi və bunu müxalif siyasi elektoratın hesabına etmək istəyirdilər;

Dövlət-özəl sektora sızmaq işini həyata keçirən İran rejiminin siyasi müxalifət düşərgəsinə də “hakim” olmaq niyyəti Azərbaycanın ələ keçirilməsi planında nəticə əldə etməkdən, əgər bir qanadda uğursuzluq olarsa, prosesi digəri vasitəsilə həyata keçirməkdən qaynaqlanırdı. Türkiyə mediasında yayılan informasiyalara istinad etsək, molla rejiminin “evli casus” proqramının Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa edildiyi, böyük ölçüdə neytrallaşdırıldığını deyə bilərik. Bu fikri İran rejiminin 2012-ci ildən sonra “siyasi İslam” proqramına xüsusi ağırlıq verərək, “silahlı siyasi müxalifət” yaratmaq istiqamətində aktiv fəaliyyəti də gücləndirir. Görünür, digər qanadda uğursuzluqla üzləşmişdilər.

“Silahlı siyasi müxalifət” Azərbaycanın ələ keçirilməsi planında ikinci mərhələnin – silahlı fəaliyyətin başlanğıcı idi. İran rejimi bu mərhələdə istifadə edəcəyi radikal dini kütləni formalaşdırmış, proseslərə yön verəcək “təsir agentləri”ni və nəzarət edəcək casuslarını hazırlamışdı. Və Qumda yetişdirilən əsas fiqur Tale Bağırzadə üçün “ağalarının” əmrlərini yerinə yetirmək zamanı çatmışdı:

– “Hizbullah”ın Azərbaycan versiyası olaraq Müsəlman Birliyi Hərəkatı (MBH) adlı silahlı dəstə yaradıldı;

– Azərbaycanda konstitusiya quruluşunu devirmək təbliğatını açıq müstəviyə keçirdilər və silahlı hücumlara zəmin yaratdılar;

– “Siyasi İslam” proqramı üzrə təşkilatlandırılmış radikal dini kütlənin dövlətə qarşı silah işlətməsinin praktiki mərhələdə icrasına başladılar;

2015-ci ilin noyabrında Tale Bağırzadənin rəhbərliyi ilə MBH Nardaranda dövlətə qarşı silahlı hücum planını icra etdi. Məkan olaraq hicri təqvimində şəriət qaydaları ilə yaşayan Nardaranın seçilməsi də planın bir hissəsi idi: İran bu bölgəyə “dini kanton” olaraq yanaşırdı və MBH-nin silahlı hücumundan sonra Azərbaycanda “şiələrə zülm edilir” iddiası ilə proseslərə müdaxilə etmək niyyətində idi;

Azərbaycana qarşı sui-qəsd cəhdi olan Nardaran planı dövlətin özünümüdafiə refleksi ilə hərəkətə keçməsi nəticəsində iflasa uğradı:

– Küçə döyüşü aparan silahlılar zərərsizləşdirildi;

– Tale Bağırzadə və rəhbəri olduğu MBH neytrallaşdırıldı;

– Hicri təqvimi ilə yaşayan Nardaran Azərbaycan təqviminə qaytarıldı;

Və günümüzdə İran rejiminin Azərbaycana qarşı açıq müstəviyə keçirdiyi sui-qəsd planlarına nəzər yetirdikdə, gələcək təhlükələrin qarşısının vaxtında alındığı daha aydın görünür. MBH və İrana bağlı şəbəkələrə qarşı zamanında addımlar atılmasaydı, bu gün ölkə potensial qarşıdurma və terror təhlükəsi ilə üz-üzə idi.

İranın sui-qəsd planı baş tutmamışdı və baş verənlər Azərbaycanda mollaların təsir rıçaqlarının qırılması istiqamətində ciddi addımların atılması ilə də nəticələndi:

– Tehran rejiminin casus şəbəkəsinə qarşı geniş əməliyyatlar həyata keçirildi;

– Dini sahədə Qum təhsilli və molla rejiminin fətvaları ilə oturub-duranlar neytrallaşdırıldı;

– Ölkədə gerçək İslama əsaslanan dini təhsil inkişaf etdirildi və dinin tədrisi prosesində Qum faktoru böyük ölçüdə aradan qaldırıldı;

– Müxtəlif adlar altında Qum və Məşhədə gedənlər üzərində nəzarət gücləndirildi;

Bu tədbirlər nəticəsində İranın casus şəbəkəsi ciddi itkilər verdi və molla rejimi üçün yeni casusların hazırlanması perspektivi də sual altına düşdü.

İlk uğursuz cəhddən sonra molla rejimi Azərbaycan planında taktiki dəyişikliklər etdi.

– “Silahlı hücum”un idarə edilməsini Azərbaycanda yox, İrandakı şəbəkəyə həvalə etdi;

– Dini kütləyə təsir strategiyasında təbliğat vasitələrini genişləndirildi;

– Casusluq fəaliyyətində azərbaycanlıların ələ alınması məkanlarını dəyişdirdi;

Tale Bağırzadəni Qumda təhsil almış və molla rejiminin əmmaməsi altına sığınan azərbaycanlılar – Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri, MBH-ni isə onların yaratdığı “Hüseyniyyun” qruplaşması əvəz etdi. Hərçənd, adıçəkilən şəxslər 2017-ci ildə “Hüseyniyyun” qruplaşmasını elan edənə qədərki iki illik dövrdə sosial şəbəkələr üzərindən “moizə”lər deyir, Azərbaycanda dini kütləni yenidən təsir altına salmaq kampaniyası aparırdı. Və kütləyə təkcə dini təbliğatla yox, “sosial problemlər”, “haqsızlıqla mübarizə” kimi mövzularda xitab edir, hətta hansısa “məişət zəmini”ndə baş vermiş hadisələri belə müzakirəyə çıxarırdılar. Məqsəd dinə yaxın olmayan kütləni də ələ almaq idi.

Buna paralel olaraq, Nardaran hadisələrinə görə casus şəbəkəsində yaranmış itkilərin bərpası istiqamətində aparılan iş intensivləşdirildi, lakin “ələ alınma” prosesi və agentlərlə canlı təmasın qurulmasında əsas məkan Nəcəf-Kərbəla səfərləri, zaman Ərbəin mərasimi seçildi. Çünki:

a) Məşhəd-Qum ziyarəti adı altında İrana gedib qayıdanlar üzərində nəzarət güclənmişdi;

b) Ərbəin mərasiminə qatılmaq üçün ünvan İraqdır, lakin ziyarətçilərin marşrutu İrandan keçir və molla rejimi casusluq fəaliyyətində iz azdırmaq üçün zaman olaraq bu dövrü seçirdi;

c) Ərbəin mərasimində kütləvi iştirak təmas qurmaq məqsədilə ziyarətçi kimi gedən casusların, eləcə də ziyarətçilər arasından ələ alınan potensial casusların yoxlanılmasını çətinləşdirirdi;

Casusluq və dindar kütləyə təsir məkanı olaraq Ərbəin mərasiminin seçilməsi fonunda Azərbaycandan ziyarətçilərin sayının 2016-cı ildən etibarən nəzərəçapracaq qədər artması da diqqət çəkirdi: İraq hökumətinin 2017-ci ildə açıqladığı statistikaya əsasən, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib, onların 12 mini Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb. İran Astarasında fəaliyyət göstərən “Ərbəin mərkəzi”nin həmin il açıqladığı məlumatında qeyd olunurdu ki, Azərbaycan mərasimə qatılmaq üçün gedənlərin sayı 12 mindir. Lakin bu rəqəmlər təkcə Astara gömrük qapısından gedənlərin sayı idi. Ümumi statistika 30 minə yaxın olub.

2016-cı ildən sonra Azərbaycandan Ərbəin mərasiminə qatılanların sayının artmasında İran rejiminin apardığı təbliğat ciddi rol oynadı. Məhz həmin dövrdən etibarən sosial şəbəkələrin Azərbaycan seqmentində “Ərbəin – eşq yürüşü” adlı platformaların sayı sürətlə artdı, eyni zamanda, “Beynəlxalq Ərbəin Festivalları”nın keçirilməsinə start verildi, Ərbəin adı altında müxtəlif mükafatların verildiyi müsabiqələr təşkil olundu. Bu, ziyarətçilərin sayının artmasına hesablanmışdı. Digər tərəfdən, təminat haqda vədlərlə – ziyarətçilərin bütün xərclərinin İran tərəfindən təmin olunması, yolboyu qurulmuş çadırlarda pulsuz yeməklərin verilməsi və s. – insanları təşviq edirdilər.

Ərbəin mərasimini İslamın beş vacib şərtinə əlavə etməyə çalışan İran bundan şiə dünyasında hakim olmaq siyasəti üçün istifadə etməklə yanaşı, həm də casus proqramında geniş şəkildə yararlanır. Molla rejiminin casus proqramının əsas məqamlardan biri də ziyarətlərin təşkilinin monopoliyaya alınması idi: İranın maraqlarına uyğun gəlməyən şəxslər tərəfindən təşkil edilən ziyarətlərə süni maneələr yaradılır, sosial şəbəkələrdə onlara qarşı “pis təşkilatçılıq” kampaniyası aparılır, ziyarət turlarının təşkilində molla rejiminə bağlı şəxslərin önü açılırdı;

Məqsəd ziyarətlərin vahid mərkəzdən idarə olunması, həm əldə olunan gəlirlərə nəzarət etmək, həm də casus proqramının gizliliyini qorumaqdır.

Nardaran hadisələrindən sonra İran casusluq fəaliyyətində ağırlığı Ərbəin mərasiminə vermişdi və təmasa keçdiyi, eləcə də sıralarına yeni qatdığı “tərəfdarlarına” verdiyi əsas təlimatın Azərbaycanda Aşura mərasimlərinin izdihamlı keçirilməsi yönündə olduğuna dair məlumatlar var.

BBC 2017-ci ildə yazırdı ki, “Azərbaycanda 1930-cu illərdən sonrakı ən izdihamlı Aşura mərasimləri 2015-2017-ci illərdə keçirilib. Bəzi məhəllələrdə ehsan məclisləri qurulurdu. Hətta “Torqovı”da belə səhər-səhər camaata ehsan paylanırdı. Aşuranın narazılığın ifadə yerinə çevrilməsi güclənir”.

Beləliklə, Müsəlman Birliyi Hərəkatı ilə silahlı hücumda ilk uğursuz cəhddən sonra İran rejiminin Azərbaycanla bağlı fəaliyyətini konkret istiqamətlər üzrə qiymətləndirə bilərik:

1. Casus proqramına yeni üzvlər cəlb etməklə “itkiləri” müəyyən qədər bərpa etdi;

2. Radikal dini kəsimi yenidən icmalaşdırdı, buna paralel olaraq, “sosial problemlər” üzərindən təbliğat aparmaqla ictimai rəydə rəğbət qazanmağa çalışdı;

3. “Silahlı hücum” planını sığortalamaq məqsədilə koordinasiyasını Bakıdan Tehrana köçürdü;

4. Aşura mərasiminin izdihamına nail olmaqla həm “əzələ nümayişi” etdi, həm də “silahlı siyasi müxalifət”in “dayaq”larını yoxladı;

Və iki illik – 2015-2017-ci il – fəaliyyətdən sonra Azərbaycanda “şəriət rejimi” silahlı hücumla qurmaq məqsədilə “Hüseyniyyun” qruplaşmasının yaradıldığı elan edildi. Qruplaşmanın İran rejiminin Yaxın Şərqdəki bütün silahlı dəstələrinin “xaç atası” olmuş Qasım Süleymanin xeyir-duası ilə fəaliyyətə başlaması da hədəfi açıq şəkildə göstərir.

2017-ci ildən başlayan dövrü İranın Azərbaycanı ələ keçirmə planında üçüncü mərhələ hesab etmək olar. 2018-ci ildə Yunis Səfərovun əli ilə Gəncədə törədilmiş terror aktı bu mərhələnin açıq müstəviyə keçirilməsinin anonsu idi və iki faktı ortaya çıxardı:

Birincisi, molla rejimi Azərbaycanda kütləyə təsir strategiyasında dinlə yanaşı, digər komponentləri də dövriyəyə buraxıb: terror aktının “haqsızlığa qarşı etiraz” kimi təqdim edilməsi də bundan qaynaqlanırdı və məqsəd bütün kəsimlərdən dəstək əldə etmək idi; terror aktından təxminən bir il sonra Yunis Səfərovun “Hüseyniyyun” qruplaşmasının üzvü olduğu və Suriya döyüşlərində iştirak etdiyi elə qruplaşmanın özü tərəfindən etiraf edildi; bu etirafın hədəfi də İran rejimini və rejim tərəfindən Azərbaycanda “şəriət dövləti” qurmaq üçün yaradılmış “Hüseyniyyun”u təkcə dindarlar yox, bütün kəsimlərdə “xilaskar” kimi göstərmək idi;

İkincisi, İran Azərbaycanı ələ keçirmə planında Ermənistan xüsusi xidmət orqanları ilə aktiv əməkdaşlıq edir: “Hüseyniyyun” qruplaşması Yunis Səfərovun onların dəstəsindən olduğunu etiraf edəndə erməni xüsusi xidmət orqanlarına işləyən, tez-tez İrəvanda olan və Azərbaycan əleyhinə açıq mətnlə çıxış edən “Madoj” ləqəbli Zabil Məhərrəmov Səfərovu “Mənim əsərimin qəhrəmanı” olaraq təqdim etdi;

Gəncə hadisələri həm də İran rejiminin Azərbaycana qarşı terror aktlarına əl ata biləcəyi və Ermənistanla eyni cəbhədə yer alacağı perspektivinin çarçısı idi. Biz 44 günlük müharibədə və sonrasında Tehran-İrəvan qardaşlığı, eləcə də Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bunun şahidi olduq.

2017-ci ildə başlayan və Gəncə terroru ilə açıq müstəviyə keçirilən bu mərhələdə kartlar artıq açıqdır: İran rejimi Azərbaycana qarşı təbliğatda bütün vasitələrə əl atır; “Hüseyniyyun” qruplaşmasının dili ilə Azərbaycanda “Kərimə dövləti” dedikləri “şəriət rejimi” quracağını gizlətmir; Azərbaycanı ələ keçirmək planını icra etmək məqsədilə terrorda tutmuş “hibrid müharibəsi”nin bütün elementlərindən istifadə edir, hətta təbliğat kampaniyasında istənilən narazı kütləni birbaşa və ya dolayı yolla təsir altına almaq üçün molla rejiminin mahiyyətinə zidd olan LGBT və feminist qruplara da xitab edirlər;

Bütün bunların fonunda molla rejimi əsas ağırlığı yenidən casusluq fəaliyyətinə verib. Çünki Azərbaycan dövlətinin İranın casus şəbəkəsinə qarşı ifşa əməliyyatları İranın Nardaran hadisələrindən sonra müəyyən qədər bərpa etməyə çalışdığı “dayaqlar”ını sarsıdır.

Və bu kontekstdə Azərbaycana qarşı casusluq fəaliyyətində mexanizmlərin nədən ibarət olduğu məsələsi ön plana çıxır. 2015-ci ilə qədər casus proqramlarında geniş imkanlara malik olan İranın son 8 ildə istifadə edə bildiyi əsas platforma şiələrin müqəddəs məkanlarının ziyarətidir: Məşhəd-Qum və Nəcəf-Kərbəla (xüsusilə Ərbəin mərasimi dövrü) ziyarətinə gedən zəvvarlar;

Müqəddəs məkanlardan casus oyunları necə aparılır?

Casuslarla təmasın qurulması: bu şəxslər İrandan yeni təlimat almaq və toplanan məlumatların çatdırılması məqsədilə müqəddəs məkanlara ziyarətə gedən zəvvar “donuna” girirlər;

Casusluq potensialı olanların “ələ alınması”: molla rejiminə bağlı qruplar İran meylli şəxsləri tapır, onların müqəddəs məkanlar ziyarətini təşkil edirlər: zəvvarlar arasında aparılan bu şəxslər səfər çərçivəsində qrupdan ayrılır, otellərdə deyil, ayrı-ayrı İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılır, “Hüseyniyyun” qruplaşmasının üzvləri də daxil olmaqla xüsusi seçilmiş “ruhanilər” onlara “moizələr” oxuyur, təsirə salır;

Zəvvarların “tələyə” salınması: İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış oğrular onların sənədini, yaxud pulunu oğurlanır və bundan sonra xüsusi xidmətin əməkdaşları dövriyyəyə girir, sənədsiz və pulsuz qalan azərbaycanlıya hərtərəfli “dəstək” göstərilir, qarşılığında əməkdaşlıq təklif edilir; yaxud azərbaycanlıları İranda “hüquqi məsuliyyətə” cəlb edə biləcək vəziyyətə salırlar, misal üçün, narkotika və ya digər qanunsuz yükün daşınmasında ittiham edir, daha sonra həbs edilmək qorxusu ilə əməkdaşlığa məcbur edirlər;

Bu prosesdə zəvvar turlarını təşkil edən şəxslər arasında “vasitəçilər”ə diqqət etmək lazımdır. Onlar zəvvarlar arasında potensial casuslara bələdçilik edir, eyni zamanda, molla rejimi ilə Azərbaycandakı şəbəkə arasında “ötürücü” rolunu oynayırlar.

Son dövrlər İranın casus proqramında “tələyə salma” taktikasını xüsusilə genişləndirdiyinə dair məlumatlar var. Çünki azərbaycanlılar casus şəbəkəsinə qarşı aparılan əməliyyatlara görə bu əməldən çəkinirlər, molla rejiminin kəşfiyyatçıları da məhz şantaj, təzyiq kimi vasitələrə əl atır. Və bu taktika təkcə zəvvarlara yox, ümumiyyətlə istənilən məqsəd üçün İrana səfər edənlərə qarşı tətbiq edilir.

Molla rejimi hazırda İrana səfər edən bütün azərbaycanlıları potensial casus gözündə görür və bütün vasitələrlə onları ələ almağa çalışır. Son proseslər – İranın diqqəti daxildəki etirazlardan yayındırmaq üçün “xarici düşmən” obrazından yapışması və bu obrazı Azərbaycan üzərində fokuslandırması, “bölgədə sionistlər və terrorçular” var iddiaları və səfirliyimizə qarşı törədilən terror aktından sonra gərginliyin pik həddə çatması fonunda bu ölkəyə gedən azərbaycanlıların iki çətin seçim qarşısında qala biləcəyi riskini də yaradıb: ya İran casusuna çevrilə, ya da “Azərbaycan casusu” olaraq həbs edilə bilərlər;

İran xüsusi xidmət orqanlarının azərbaycanlıları əməkdaşlığa məcbur etmək üçün “Bakıdan göndərilən casus” ittihamından istifadə etməsi ehtimalı yüksəkdir. Hətta bir qədər də irəli gedib “terrorçu” ittihamı da irəli sürülə bilərlər. Molla rejiminin “Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını “isbatlamaq” üçün “Arazdan keçən terrorçular” və “Şahçıraq terror aktının Bakıdan gələn koordinatoru” kimi ssenariləri işə salması da bu versiyanı istisna etmir. “Casus” və “terrorçu” tapılması həm də bu iddialarının “təsdiqi” üçün lazımdır. Baş verənlər deməyə əsas verir ki, İrana səfər etmək azərbaycanlılar üçün heç olmadığı qədər təhlükəyə çevrilib.

Teqlər: