İranın Bakıya hədəsi: Vəfalı Türk gələr yenə… – Video

İranın Bakıya hədəsi: Vəfalı Türk gələr yenə… – Video

İran qırıcısının uzun illərdən sonra Azərbaycan sərhədinin tam üzərindən uçması sıradan hadisə deyil. Maraqlıdır, İranı bu addıma nə vadar edir?

2000-ci illəri xatırlayıram: İran BP-nin neftaxtaran gəmisinə hücum etmiş və onu Bakıya çəkilməyə vadar etmişdi. Aradan qısa müddət keçəndən sonra İran gəmiləri Azərbaycan sərhədçilərinə meydan oxumuşdu, su sərhəd dirəyimizin birini çıxarıb atmışdı.

Türkiyədə dərhal cavab gəldi, qardaş ölkə Azərbaycana hərbi kater hədiyyə etdi.

Bu hərbi kater İran donanmasının qarşısını Azərbaycan donanmasının alması üçün deyildi əslində – baxmayaraq ki, həmin dövrdə yeni formalaşmağa başlayan donanmamıza bu katerin ciddi qatqısı da vardı.

Bu, əslində İrana mesaj idi – Xəzərdə Azərbaycana meydan oxuyarsansa, qarşında türk donanmasını görəcəksən!

Su sərhədimizdə hərbi gəmi təxribatları bununla bağlandı, ardınca İranın hava meydanoxuması başladı.

2001-ci il yay aylarında İran qırıcıları Xəzərin Azərbaycan sektoruna vaxtaşırı daxil olurdular: 23 iyulda iki İran qırıcısı yüksək sürətlə Bakıya doğru şütümüş, Bakının 180 km-liyindən geri qayıtmışdılar.

Bir neçə gün sonra isə növbəti təxribat baş verdi – bu dəfə İran qırıcısı saatda 500 km sürətlə Bakıya doğru uçmuş, 100 km-likdən geri dönmüşdü.

Avqustun əvvəlində isə İran qırıcıları artıq quru sərhədini pozmağa başladılar: Neftçala, Salyan, Cəlilabad səmasında İran qırıcıları göründü – həm də əxlaqsızcasına, ən alçaqdan, binaların üstündən uçmaqla mülki əhalini vahiməyə salırdılar.

Sərhəd pozmasını adi hala çevirən İran 2001-ci ilin iyul-avqust aylarında ən azı 8 dəfə təxribat törətdi, hər dəfəsində də ayağını bir addım irəli qoyurdu.

İran qırıcıları 3-5 dəqiqə, qısamüddətli, “təsadüfən” pozuntu etmirdilər, bəzi hallarda hava məkanımızın dərinliklərinə girib, 1-2 dövrə vururdular.

Bu, rəsmən Azərbaycanı təhdid etmək idi!

8 dəfə hava məkanımız pozuldu – ancaq Azərbaycan bircə dəfə də olsun, o təyyarələrin məcburi endirilməsinə cəhd etmədi, onlara qarşı təyyarə qaldırmadı və hava müdafiəsi sistemlərini aktivləşdirmədi.

Həmin vaxt qardaş Türkiyə qəti qərarını verdi: əvvəlcə İran səfiri Türkiyə XİN-ə çağırıldı və Azərbaycan sərhədinin pozulmasına biganə yanaşmayacağını rəsmən elan etdi.

Bunun ardınca isə dünyaca məşhur Türk Şahinlər Bakıya göndərildi – 24 avqust 2001-ci ildə Türk Şahinlərin qəlbimizi qürurla dolduran, İranı “həddən artıq narahat edən” şousu təşkil olundu.

Türk Şahinləri izləmək üçün o vaxt Azadlıq meydanına tam 1,5 milyondan çox insan axışmışdı – bütün dünya bu izdihamdan yazırdı.

Bu izdiham illərlə, onillərlə içlərinə yığılan, təhdidlər altında səsini qısmağa məcbur olan, torpaqları işğal edilən, rusun-farsın cəngində sızlayan, Xocalı faciəsinin dəhşətini yenicə yaşamış bir xalqın hər şeyə etirazı, qüruruna qalxması və qardaşına sığınması idi!

Vəfalı türk yenə qardaşına yardıma gəlmişdi…

Avqustun əvvəlində Türk Şahinlərin Bakıya gələcəyi xəbərini alan İran Azərbaycana bundan “ciddi narahatlığını” bildirmiş və izahat tələb etmişdi – həyasızlığın səviyyəsini təsəvvür edirsinizmi? Həmin ərəfədə ardıcıl sərhədimizi pozur, həm də saatlarla, bunun izahını vermir, ancaq Türk Şahinlərin Bakı səmasında şou göstərməsinə görə Azərbaycandan hesabat tələb edir!

Bu həyasızlıq nə idi, “narahatlıq” niyə görə idi – hər kəs yaxşı dərk edir. Ancaq əsas odur ki, Türk Şahinlər Bakı səmasında görünəndən sonra İran qırıcılarının Azərbaycan sərhədini kütləvi şəkildə və provokativ halda pozmasına son qoyuldu.

İranın həmin vaxt bəhanəsi vardı: guya Xəzər dənizi sektorlara bölünməyib və 1994-cü il 20 sentyabr sazişi əsasında neft axtarışları aparan şirkətlər “İranın ərazi sularına” girirlər.

İran heç vaxt özünə aid olmayan sulara iddia edirdi. Məsələ bundadır ki, SSRİ zamanında İrana hansı su sərhədi aid idisə, o sərhədin heç yaxınlığından söhbət də getmirdi. İran, sadəcə, SSRİ-dən sonra Xəzərin SSRİ-nin ərazisi hesab edilən sektorunun 4 postsovet ölkəsi (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) arasında bölünməsinə qarşı çıxırdı: tələb edirdi ki, su sərhədlərinə yenidən baxılmalıdır.

Bununla da kifayətlənmirdi: hər ölkənin Xəzərdə tutduğu sahəyə uyğun bölgüsünə da qarşı idi, həm suüstü, həm də sualtı 20 faizi tələb edirdi – baxmayaraq ki, nə tarixi, nə də beynəlxalq hüquq baxımından buna haqqı çatırdı.

Ancaq o vaxt, heç olmasa, nəsə bir bəhanəsi vardı – ona görə BP-nin neftaxtaran gəmisini qovmuşdu, SSRİ zamanından qalma sərhəd dirəyini çıxarıb atmışdı və s.

Bəs, indi nə baş verib?

44 günlük müharibə zamanı Azərbaycan ərazisinə soxularaq, Azərbaycan Ordusunun hərəkətini bir sutka ləngitməklə ermənilərin toparlanmasına imkan tanıyan İran; 30 ildən sonra sərhədimizdə irimiqyaslı təlim keçirən İran; Zəngəzurdə tez-tələsik konsulluq açıb, 10 noyabr 2020-ci il bəyanatının icrasına imkan verməyən İran… Saymaqla bitməyən təxribatlarının davamı olaraq 27 yanvar 2023-cü ildə Tehrandakı səfirliyimizə terror hücumu təşkil etdirən də İran…

Nə baş verib ki, bütün bunlardan sonra İran Arazın üzərində, sərhəd xətti boyunca hərbi təyyarə uçurdur? İndi nədir bəhanəsi?

Heç bir bəhanə yoxdur!

İran sadəcə, Azərbaycanı təxribata çəkir. Nə istəyir? Azərbaycanla müharibəmi?

Əlbəttə ki, Azərbaycan 2001-ci ildəki deyil – indi qırıcılarımız da, onları yüksək səviyyədə idarə edən pilotlarımız da var!

Əlbəttə ki, Azərbaycan indi Qalib ölkədir!

Həm də Azərbaycan artıq Türkiyənin hərbi müttəfiqidir – Şuşa Bəyannaməsi var!

Neynək, Vəfalı Türk türk qardaşları üçün yenə gələr – ancaq bu dəfə təlim təyyarələri ilə gəlməyəcək!

Bu dəfə NATO qırıcıları gələcək – necə ki, 2020-ci ildə Ərdoğan F-16-ları Gəncədə qoymuşdu…

Teqlər: