Son vaxtlar İran hakimiyyəti Azərbaycan Respublikasına qarşı düşməncə davranışlar sərgiləyir. Bundan narazı olan Güney Azərbaycan türk milləti İl bayramından (Novruz) başlayaraq, ev və küçələri Azərbaycan bayrağı ilə bəzəyir, bu minvalla İrana cavab verir.
Bu sözləri AzerTimes-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.
Güney Azərbaycanda və İranın bir neçə şəhərində Azərbaycan bayrağının asılmasının böyük məna daşıdığını bildirən güneyli yazar molla rejiminin bayraq məsələsinə aqresiv yanaşdığını diqqətə çatdırıb:
“Bayraq bütöv Azərbaycanın bayrağıdır. Bu da İrana “biz mübarizəmizi davam edirik, birik, bütöv Azərbaycanı quracağıq” mesajı vermək və meydan oxumaqdır. Odur ki, İran hakimiyyəti Azərbaycan bayraqlarını kimin əlində tutsa, onu “cəsusluq” ittihamı ilə çox ağır şəkildə cəzalandırır. Bu ittihamla onlarla milli fəalımız tutularaq, həbsə atılıb. İranın Azərbaycana davranışları dəyişməsə, Güney Azərbaycanda bayraqlarımızın dalğalanmasını çox görəcəyik. Çünki bu, rejimə qarşı seçdiyimiz mübarizə üsullarından biridir”.