“Naxçıvan bizim “Axilles dabanımızdır”, tamamilə İrana birləşdirilməlidir”.
İranın nüvə danışıqları üzrə nümayəndə heyətinin keçmiş üzvü, İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zuhtəvənd belə deyir.
Bir neçə gün öncə Ə.Zuhtəvəndə aid olduğu deyilən səs yazısı yayılıb. Səs yazısında Zuhtəvəndin Azərbaycan və Türkiyəyə aid kifayət qədər açıq, həm də İranın gerçək niyyətini ortaya qoyan fikirləri yer alır.
Zuhtəvəndi deyir:
– Türkiyə ilə strateji müttəfiqliyi, hətta strateji ortaqlığı düşünə bilmərik;
– Cənubi Qafqaz bizim “təsir dairəmizdir”;
– Azərbaycan qorxulu fenomendir və bizim üçün potensial təhdiddir;
– Naxçıvan tamamilə İrana ilhaq edilməlidir, Naxçıvan bizim “Axilles dabanımız”dır;
– Türklər Zəngəzuru almaq, bizim Ermənistanla olan bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər, bu məsələdə Xamenei xəbərdarlıq etdi, lakin türklər belə xəbərdarlıqları çox da diqqətə almazlar;
– Ermənilər İranın müttəfiqidir, tarix boyunca belə olub;
– Azərbaycan deyə bir yer yoxdur, azərbaycanlılar İran azəriləridir (burada “azəri” kəlməsi Kəsvərinin “farsdan dönmə” iddiasının davamı olaraq səslənir);
– Azərbaycan yenidən İrana birləşdirilməlidir, ilhaq edilmədiyi müddətdə xərçəng kimi İranın başına bəla olacaq.
Zuhtəvəndinin dediklərini şəxsi fikri kimi təqdim edə bilərlər, yaxud İran çətinə düşəndə “rəsmi mövqeyimiz deyil” iddiasından çıxış edə bilər, hərçənd, Tehranın Azərbaycan siyasəti fonunda cənub qonşumuzun gerçək niyyətinin məhz bu olduğu şübhəsizdir. Hələ 90-cı illərdə Xamenei “kiçik böyüyə birləşməlidir” tezisindən çıxış edir, Azərbaycanın İrana birləşdirilməsi iddiasını aktuallaşdırırdı. Cənubdan Azərbaycana qarşı həyata keçirilən siyasətin təməlində də həmişə bu dayanıb.
Zuhtəvənd adi diplomat deyil, Xameneinin siyasi müşavirlərindən biridir, həmçinin, Qüds birliyində düşüncə mərkəzində çalışır və İranın siyasətinin müəyyənləşməsində iştirak edir. Onun fikirləri əslində İran rejiminin Azərbaycana qarşı məkrli siyasətinin gerçəklərini göstərir.