İran Fələstinə görə İslam Əməkdaşlıq Təşkilatının təcili iclasının keçirilməsi çağırışını edib: istisna deyil ki, bundan istifadə edərək, Azərbaycanın İsraildə səfirlik açması məsələsini də İƏT-in gündəminə gətirmək niyyətindədir.
İran parlamentinin aprelin 5-də qəbul etdiyi qərarda Azərbaycanın İsraildə səfirlik açması pislənildi, bunun mənfi siyasi nəticələrinin olacağı ilə hədələdilər. Və “Ərəb və islam hökumətlərindən, islam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını” xahiş etmələri, eləcə də “İran Xarici İşlər Nazirliyinin bütün islam ölkələrinə bəyanat göndərərək, lazımi diplomatik tədbirləri görəcəyi” Tehranın Bakının islam aləminə şikayət etməyə hazırlaşdığına şübhə yeri qoymur.
Bu qərardan iki gün sonra İranın İƏT-in təcili toplantısını çağırması deyildiyi kimi Fələstinlə bağlı olsa da, Azərbaycanı da müzakirə masasına çıxarmağa çalışacaqları gözləntisini önə çıxarır. O da istisna deyil ki, Tehranın İƏT çağırışının arxasında məhz Azərbaycanla bağlı məsələ dayanır, Fələstin burada “istinaq nöqtəsi”dir.
Coğrafiya taledir deyirlər, Azərbaycanın da taleyinə İran rejimi ilə qonşu olmaq düşüb: Tehran üç il öncə – 2020-ci ilin 19 sentyabrında İsraildə səfirlik açan Ermənistanla qardaşlıq edir, 30 il məhz İrana görə bu addımı atmayan Azərbaycanın səfirlik açmasını “müsəlman düşmənçiliyi” adlandırır;
Mollaların dərdinin “Fələstin məsələsi”, yaxud “müsəlman təəssübkeşliyi” olmadığı bəllidir.