Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıqla mübarizə sahəsində fəaliyyətlər çərçivəsində Dövlət
Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda tütün
məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı
alınıb.
Qurumdan AzerTimes-a verilən
məlumata görə, fevral ayının 26-da saat 13:20 radələrində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin
xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı
tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli
bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkar
olunaraq götürülüb.
Fevral ayının 27-də saat 23:30 radələrində “Astara” sərhəd
nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara – AR Astara”
yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış
keçirilərkən lokomotivin sürücüsü Astara rayon sakini 1989-cu il
təvəllüdlü Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon
sakini 1978-ci il təvəllüdlü Kazımov Bəxtiyar Qulaməli oğlu
tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro”
markalı siqaret aşkar olunaraq Astara dəmiryolu gömrük postuna
təhvil verilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.