Azərbaycandan keçməklə İrandan Ermənistana gedən yük avtomobili
Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Cənub
Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan
Respublikası ərazisindən tranzit keçməklə İran İslam
Respublikasından Ermənistan Respublikasına yük aparan İran İslam
Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı
yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və
sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük
nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o
cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması
soruşulub.
O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan
edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin
olmadığını bildirib.
Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat
vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə – həşiş
qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri,
üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd
həb və 30,132 qram narkotik vasitə – tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, metadon «Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in II Siyahısına
daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı
0,16 qram təşkil edir.
Alprazolam isə «Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»in III Siyahısına
daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi
miqdarı 0,002 qram təşkil edir.