Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Trend Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən
xəbər verir ki, mart ayının 20-də saat 05:35 radələrində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin
İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər
saxlanılmışdır.
Onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü İsgəndərov
Razi Əlipaşa oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya
baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram
narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840
qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram
“metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.