İrandan Azərbaycana narkotik keçirmək istəyən sərhəd pozucusu saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı
mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz
dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qurumdan AzerTimes-a verilən
məlumata görə, may ayının 28-də saat 23:30 radələrində Dövlət
Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun
Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində
xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran
İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində
pozulmasına dəlalət edən əlamətlər aşkar edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış,
ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr
yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanmışdır.

Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks
sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində
çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı
rayonunun Arvana kənd sakini 1989-cu il təvəllüdlü Şükürov Elsevər
Kamil oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini
1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə
narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf
etmişdir. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd
bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen
salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik
vasitələri aşkar olunaraq götürülmüşdür.

Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb
edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Teqlər: