Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
DSX-dən AzerTimes-a verilən məlumata görə, yanvar ayının 22-də saat 19:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçmış, digər qaçaqmalçı isə hadisə yerində saxlanılmışdır. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilmiş, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram “marixuana”, 7444 qram “heroin”, 3545 qram “metamfetamin”, 440 qram “tiryək” və 1680 ədəd “metadon-40” həbi) maddələr aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.