Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) AzerTimes-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aprel ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli Hyundai İX-35 markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edilib.
Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılmışdır. Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4774 qram “tiryək”, 1018 qram “heroin” və 1020 qram “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülüb.
Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyən edilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilmiş, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37600 qram “heroin”, 5000 qram “metamfetamin”, 4500 qram “marixuana”, 750 qram “tiryək”) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.