İrandan Azərbaycana 93 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xaricdə, xüsusən İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana buradan da digər ölkələrə göndərməyə çalışırlar.
Bu istiqamətdə Xəzər dənizinin İran sahillərindən ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən daha birinin saxlanılması istiqamətində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti tədbir həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib.
Qeyd edək ki, Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb.
Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adlı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
“Ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.