Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O, belə bir məlumatın olmadığını bildirib:
“Onlar açıqlama veriblər ki, bu istiqamətdə danışıqlar aparılır. Biz buna dair şərh vermişik. Cavab olaraq bildirmişik ki, son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”.
Qeyd edək ki, İranın bir sıra Teleqram kanalları Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunması ilə bağlı xəbər yayıb.