İranda yeni milli partiya yaratdı: hədəfləri açıqlandı

İranda yeni milli partiya yaratdı: hədəfləri açıqlandı

Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxanın gənclərdən ibarət yeni yaradılan təşkilat haqqında AzerTimes-a müsahibəsi:

– İranda yeni bir partiya – Güney Azərbaycan Cümhuriyyət Partiyası yarandı. Tehran rejiminin daxilində belə bir partiyanın yaradılması çətin olmadı?

– Biz bu partiyanın yaranması üçün 23 ay çalışdıq. Əvvəlcə, daxildə və xaricdə olan qüvvələrimizlə birgə qruplar yaratdıq. Əsas hədəfimiz hərəkatımızda olan problemlərin əsl səbəbinin nə olduğunu müzakirə etmək idi. Müzakirələrdən aydın oldu ki, 11-ə yaxın Güney Azərbaycan təşkilatı hələ də millətin bəlli kəsimini təmsil edə bilməyib. İdeoloji baxımdan bəlli hədəflərimiz var. İrandakı son etirazlar da özünü göstərdi ki, Azərbaycan özünə başqa yol seçib. Lakin mövcud təşkilatlar onu təmsil edə bilmir. Millətimizin ideyası güclü olsa da, yolunda çətinliklər var. Ən böyük çətinliyimiz təşkilatlanmaqdır. Həmçinin, sosioloji məsələləri tam çözə bilməmişik. Odur ki, bir il ərzində milli hərəkatımızın alt yapısında olan problemləri araşdırmaqla məşğul olduq. Bunun üçün bir çox siyasətçilərdən, sosioloqlardan məsləhət alırdıq. Gənclərin və xanımların hərəkata zəif qatılması, Azərbaycanın daxilində istiqlalçılıq məfkurəsinin haçalanması kimi problemlərin olduğunu aydınlaşdırdıq. Bundan yola çıxaraq onları cümhuriyyət düşüncəsinin altında birləşdirməyə çalışdıq. Çətin olmadı, müxtəlif cərəyanları bir araya gətiməyə nail olduq. Kadrlarımızın gənc olması bizə bu məsələdə çox kömək etdi.

– Təşkilatın yaradılmasında əsas yol, istiqamət, məqsəd nədir?

– Məqsədimiz daxildə fəaliyyət göstərmək və millətin səsi olmaqdır. Əksər yaranan təşkilatlar xaricdən daxilə nüfuz edirdilərsə, biz əksini etdik. Elə təşkilatımız da ötən gün Babək qalasında elan olundu. Bunu təhlükəsiz şəkildə düzənləməyə çalışdıq ki, öz qüvvələrimizi itirməyək. Onları tutmasınlar, müəyyən basqılar olmasın. Başqa təşkilatlarda isə belə təhlükəsizlik tədbirləri yox idi və öz üzvlərini asanlıqla itirirdilər. Lakin bizim məqsədimiz üzvlərimizi rejimin daxildə yaratdığı basqılardan qorumaqdır.

– Qurumun idarə heyətində kimlər təmsil olunur?

– Partiyamızın siyasi qanadına Araz bəy Yurdsevən, sosial proqramlar bölməsinə Pəri xanımın qadınlardan ibarət komissiyası, ictimai əlaqələr qoluna Barış Bozqurd başçılıq edir. 10 nəfərlik bir heyətlə təmsil olunuruq. Digərlərin adları da yaxın zamanlarda açıqlanacaq.

– Partiyanızın hədəf və prinsiplərindən danışardınız…

– ACP-nin hədəfi milli dövlətin qurulması və Bütöv Azərbaycan topraqlarının birləşməsidir. 6 əsas prinsipimiz var: bütövçülük, milliyətçilik, cümhuriyyətçilik, müasirlik, azadlıq, demokratiya və bərəbarlik. 3 illik strategiyamızın məqsədi təşkilatı böyütmək və rejimə qarşı mübarizə aparmaqdır. Bunlar uzunmüddətli ideoloji hədəflərimizdir. Qısa zaman üçün məqsədimiz gənclər arasında partiyamızı tanıtmaq, təsirli, güvən mənbəyi etməkdir. Çox insan mövcud təşkilatlara güvənmirlər. Bunun da özünəxas səbəbləri var. Partiyamızın işi demokratik əsaslarla təşkil olunanacaq. Bir ildən sonra qurultay keçirəcəyik. Partiyanın cümhuriyyətçilər və Babək fədailəri qanadı var. Biri siyasi, digəri meydan hərəkatlarında fəaliyyət göstərirəcək. Təşkilat milli hərəkatı irəli aparmaq üçün töhfə verəcək.

Teqlər: