İranın şimal-şərq bölgəsindəki İsfərayen şəhərinin Bam kəndində yol tikintisi zamanı qədim yeraltı şəhər aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tehran Tayms”a Bəlqeys arxeoloji sahəsinin eksperti məlumat verib.
“Yeraltı dəhlizlərin uzunluğu təqribən 18 kilometrdir. Arxeoloqlar burada hamam və dəyirman kimi digər tikililərin də olduğunu bildirirlər. Ərazidə tapılan saxsı qabların Səlcuqlar, Elxanilər, hətta daha əvvəlki dövrlərə aid olduğu təxmin edilir. Lakin ərazinin daha ətraflı öyrənilməsi üçün geniş arxeoloji qazıntıya ehtiyac var. Dəlillər də göstərir ki, Bəlqeys qalası son Sasani dövründən başlayaraq, 18-ci əsrin əvvəllərində hakimiyyətə gələn Nadir şah Əfşarın dövrünə qədər çox güclü olub”, – məlumatda deyilir.
Qeyd edək ki, Bəlqeys qalası UNESKO-da qeydiyyatdan keçmiş Bam qalasından sonra İranda ən böyük çiy kərpic qalalarından biridir.