İranda “rəhbər” kimdir? Niyə xalq ona lənət oxuyur?

İranda “rəhbər” kimdir? Niyə xalq ona lənət oxuyur?

İran İslam Respublikası konstitusiyasında “fəqihin mütləq hakimiyyəti” nə deməkdir?

İran İslam Respublikasının dövlət quruluşu və idarəetmə sistemi nə parlament, nə də prezident idarə üsuludur. Bu, “fəqihin mütləq hakimiyyəti”nə əsaslanan bir idarəçilik üsuldur. Bu idarəçilik üsulunda ən yüksək vəzifə rəhbərə (vəliyyi-fəqih) məxsusdur.

İran konstitusiyasının 113 maddəsinə əsasən, prezident və ya cümhurbaşqanı ölkənin 2-ci yüksək vəzifəli şəxsi hesab edilir. Bu sistemin cümhuriyyət və demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Demokratik sistemlərdən fərqli olaraq, bu idarəetmə sistemi təkcə üç müstəqil qurum olan qanunverici, icraedici və məhkəmə sistemindən ibarət deyil. Bu orqanlardan başqa, daha önəmli və nüfuzlu, hətta bu orqanların işinə əngəl törədən və bu üç orqana hakim olan qurumlar da var. O cümlədən:

1. Ruhanilər Məclisi (İran konstitusiyanın 107-ci maddəsinə əsasən, rəhbəri, yəni ölkədə söz sahibi olan fəqihin hakimini seçən qurum). Bu qurum ancaq ruhanilərdən (mollalardan) ibarətdir;

2. Nəzarət Şurası;

3. Nizamın Məsləhət Şurası (112-ci maddəyə əsasən, üzvlərini rəhbər təyin edir;

4. Milli Ali Təhlükəsizlik Şuras;

5. SEPAH və ya İslam İnqilabı Keşikçiləri Korpusu və b.

mövcuddur.

İran Konstitusiyasının qəbulu

177 maddədən ibarət konstitusiya 1979-cu ildə hazırlanıb. Bu konstitusiya əhali arasında ciddi müzakirə və maarifləndirmə aparılmadan, 1979-cu ilin 30-31 mart tarixlərində referendum keçirilərək səs çoxluğu ilə qəbul edilib.

Beləliklə, İranın dövlət quruluşu rəsmi olaraq şahlıq idarə üsulundan “fəqihin mütləq hakimiyyəti”nə əsaslanan İslam Respublikasına dəyişdirilib.

Sağ göstərib, sol vurmaq

İranın birinci rəhbəri (fəqihin hakimi), inqilabın lideri Ruhullah Xomeyninin Fransada mühacirətdə olduğu vaxtlardan İrana gəlib hakimiyyətə yiyələndiyi günə qədərki çıxışlarından:

* “İslam hökuməti həqiqi mənada bir demokratik hakimiyyət olacaq”

* “Bütün insan hüquqları, o cümlədən dini azlıqların hüquqlarına tam riayət olunacaq”

* “Mən İranın gələcəyində sadəcə bir ruhani rəhbərdən başqa heç bir vəzifə və məqam tutmayacam”

* “Lap tutaq ki, biri düz və saleh adamdır, ancaq millət onu istəmirsə, hakimiyyətdən çəkilməlidir. Əhali öz taleyini özü həll etməlidir”

* “Biz ehtiyacı olanlar üçün suyu, işiğı pulsuz edəcəyik, avtobusları pulsuz edəcəyik. Biz həm sizin dünyanızı, həm də axirətinizi abad edəcəyik. Bu var-dövlət millətindir və mən əmr etmişəm ki, kasıblara verilsin və veriləcəkdir”

* “Bizim ölkə Ərəb-İsrail arasındakı münaqişədə tərəfsiz qalacaq”

* “Biz ehtiyacı olanlara ev verəcəyik. Neft ölkəsində evsiz adam olmamalıdır”…

Və buna bənzər çoxlu vədlər və sözlər.

Beləliklə, R.Xomeyni və komandası əsasən savadsız müsəlman əhalinin inanc və duyğularından istifadə edərək, daha dəqiq desək, insanları aldadaraq hakimiyyəti ələ aldılar.

İrannın idarəetmə sistemini başa düşmək üçün yuxarıda adıçəkilən qurumlardan ikisinin səlahiyyətləri və konstitusiyada yer alan 5, 57, 107 və 110-cu maddələrə nəzər salsaq, bir çox məsələ aydın olar.

İran konstitusiyasının 5-ci maddəsi “fəqihin mütləq hakimiyyəti” haqqında:

“İmam-zamanın qeybdə olduğu dövrdə İran İslam Respublikasında hakimiyyət və ümmətin rəhbərliyi ədalətli və təqvalı, zəmanədən xəbərdar, şücaətli, idarəçi və tədbirli bir fəqihin öhdəliyindədir və 107-ci maddəyə əsasən onu öhdəsinə götürür”.

Beləliklə, İran konstitusiyasının 5-ci maddəsinə əsasən “fəqihin mütləq hakimiyyəti” qanuniləşdirilir.

“Fəqih” ya “müctəhid” islamda Quran və hədislər əsasında şəriət qanunlarını çıxarmağı bilən din alimidir. Sadə dillə desək, yüksək rütbəli molladır. “Vəli” isə ixtiyar sahibi, hakim deməkdir, “vilayəti-fəqih” – “fəqihin hakimiyyəti”. Konstitusiyada da qeyd edildiyi kimi, İranda ölkənin birinci şəxsi, yəni rəhbəri mütləq fəqih (molla) olmalıdır.

1979-cu ildən bu günə kimi İranı idarə edən hakim fəqihlər:

Ruhulla Xomeyni (1979-89)

Seyid Əli Xamenei ( 1989-dan bu günə kimi).

Seçilmişlər Məclisi (Xobreqan)

Molla rejiminin idarəçilik sistemində rəhbər ən yüksək rəsmi dövlət adamı hesab olunur. Rəhbər və ya fəqihin hakimi müddətsiz olaraq Seçilmişlər Məclisi tərəfindən seçilir. Ruhanilər Məclisinin üzvləri 88 fəqihdən ibarətdir. Seçilmişlər Məclisinin işi İran konstitusiyasının 107-ci maddəsinə əsasən, ölkə rəhbərini seçmək və onun idarəçiliyinə nəzarət etməkdən ibarətdir.

Molla olmayan heç bir vətəndaş Seçilmişlər Məclisinə üzv ola və ya seçilə bilməz. Bu qurum ancaq fəqihlərdən (mollalardan) ibarətdir.

İran konstitusiyasının 57-ci maddəsi:

“İranda hakim orqanlar qanunverici, icraedici və məhkəmə hakimiyyətindən ibarətdir. Əmr sahibinin mütəq hakimiyyəti və ümmətin rəhbərinin nəzarəti altında fəaliyyət göstərirlər. Bu qüvvələr bir-birindən ayrıdır, müstəqildir”.

Bu maddədən də açıq-aydın görünür ki, ölkəni idarə etməli olan 3 əsas qurum bir-birindın ayrı və müstəqil olsalar da, fəqihin mütləq hakimiyyəti və nəzarəti altında olmalıdırlar.

İran konstitusiyasının 110-cu maddəsində rəhbərin səlahiyyətləri öz əksini tapır. Rəhbər ölkədə yürüdülən bütün daxili və xarici siyasətin icrası və ona nəzarət etmək səlahiyyətinə malikdir.

Rəhbərin prezidentin fərmanını imzalamaq və prezidenti vəzifədən azad etmək, Nəzarət Şurasının fəqihlərini təyin etmək, İranın məhkəmə sədrini vəzifəyə təyin və azad etmək səlahiyyəti var. Ali Baş Komandanlıq vəzifəsi də rəhbərə aiddir.

Əlavə olaraq, 110-cu maddədə rəhbərə aid bir çox səlahiyyətlər nəzərdə tutulub.

Beləliklə, rəhbər prezidenti azad etməklə icraedici orqana, Nəzarət Şurasının üzvlərini təyin etməklə qanunverici orqana və məhkəmə sədrini təyin və azad etmək hüququna malik olmaqla məhkəmə sisteminə hakimdir.

Nəzarət Şurası (Şurai-Negəhban)

Bu qurumun vəzifə və səlahiyyətləri konstitusiyanın 91-dən 99-a qədər olan maddələrində müəyyən edilib.

Nəzarət Şurası 12 nəfərdən ibarətdir. Altı nəfəri fəqihdir və rəhbər tərəfindən təyin edilir. Qalan altı üzv isə müsəlman hüquqşünaslardan ibarətdir. Bu hüquqşünaslar İran məhkəmə sisteminin başçısı tərəfindən parlamentə (İslami Şura Məclisi) təqdim olunur və parlamentdə səsvermə yolu ilə seçilirlər.

Nəzarət Şurasının vəzifə və səlahiyyətləri

Nəzarət Şurası konstitusiyanın təfsiri, referendum və seçkilərə nəzarət, Seçilmişlər Məclisi, İran İslami Şura Məclisi (parlament) və prezidentliyə namzədlərin namzədliyinin təsdiq və ya rədd edilməsi, həmçinin İran parlamenti tərəfindən təsdiq edilmiş qanunların islam və konstitusiyaya uyğunluğunun təmin edilməsi ilə məşğuldur.

Qanunlar ilk növbədə İslami Şura Məclisində hazırlanır, sonra Nəzarət Şurasına ötürülür. Qanunun qəbulu və icraya keçməsi üçün Nəzarət Şurasının təsdiqi lazımdır. Əks halda, həmin qanun layihəsi qanuniliyini itirir.

Bir sözlə, Nəzarət Şurasının icazəsi və təsdiqi olmadan heç bir vətəndaş nə prezident, nə deputat və nə də Seçilmişlər Məclisinə üzv seçilə bilər. Nəzarət Şurası, hətta birinci dövr prezidentlik müddəti bitmiş prezidentin belə namzədliyini ləğv edə bilər. Parlamentdə qəbul olunan qərar və qanunlar da Nəzarət Şurası tərəfindən təsdiq olunmadan qüvvəyə minə bilməz.

Nəzarət Şurası yalnız hakimiyyətin şinelindən çıxmış və hakimiyyətə sadiq şəxslərin namizədliyini təsdiq edib seçkiyə buraxır. Fərqli düşüncəyə sahib olan insanların namzədliyi qəbul edilmir. Belə olan halda seçkinin heç bir anlamı qalmır. Vətəndaş ancaq bu qurumun və hakimiyyətin istədiyi adamları seçməyə məhkum olur. Ağsaqqal demişkən, seçki keçirib, bu qədər kağız-kuğuzu korlamağa dəymır.

Başqa sözlə, konstitusiyaya əsasən, ölkənin birinci şəxsi sayılan rəhbər Seçilmişlər Məclisi tərəfindən seçilir. Seçilmişlər Məclisinə üzv seçilmək üçün isə namizədlərin namizədliyi Nəzarət Şurası tərəfindən təsdiq və ya rədd edilə bilər. Yəni Nəzarət Şurasının istəyi olmadan bu iş olmaz. Nəzarət Şurasının üzvlərini isə əsasən rəhbər özü təyin edir.

Deməli, rəhbər dolayı yolla da olsa, onu seçən və işinə nəzarət edən quruma hakimdir. Bununla da rəhbərin idarəçiliyinə nəzarət öhdəliyi daşıyan Seçilmişlər Məclisinin öz işini yerinə yetirməsi mümkün deyil.

Üstəlik, Ali Məhkəmənin sədri və baş prokuror da mütləq molla olmalıdır. Bir sözlə molla rejimi, vəssalam.

İran konstitusiyasında qeyd edilən “fəqihin mütləq hakimiyyəti” bax budur: hakimiyyətin və bütün gücün rəhbər (vəliyi-fəqih) adlı vəzifəni daşıyan bir şəxsin əlində cəmləşməsi.

Misal üçün, Seyid Əli Xamenei və onun əmrində olan İran İnqilab Keşikçiləri Korpusunu göstərmək olar. Ölkənin 40 faizdən çox iqtisadiyyatı SEPAH-ın əlindədir: yol, su bəndləri, şəhərsalma, tikinti işləri, neft, hətta araşdırmalara görə narkotik qaçaqmalçılığı. Ancaq heç bir qurum və ya şəxsin bunun qarşısnı ala biləcək qədər gücü və səlahiyyəti yoxdur. Çünki arxasında sonsuz səlahiyyətlərin sahibi “rəhbər” var.

Ona görə də İran əhalisi ölkədə baş verən bütün ədalətsizlik, cinayət, qətl, korrupsiya, dini və irqi ayrı-seçkilik, bir sözlə, bütün biabırçılıqları ölkəyə hakim olan “fəqihin mütləq hakimiyyəti” adlı sistemdə və Seyid Əli Xameneidə görür.

Artıq İran əhalisi başa düşüb ki, bu rejim islaholunmazdır və dəyişməlidir.

Etirazlarda səsləndirilən şüarlar da bunun subutudur. Nümunə üçün etirazlarda ən çox istifadə olunan şüarlara baxaq:

“Ölüm olsun Xameneiyə”

“Ölüm olsun diktatora”

“Ölüm olsun zalıma – ya şah olsun, ya rəhbər”

“Biz islam cümhuriyyəti istəmirik, istəmirik”

“Xamenei qatildir, hökuməti batildir”

“Bunca illər cinayət, bu vilayətə lənət”

“Hüseyn, Hüseyn şüarları, cinayət iftixarları”

“Düşmən özü burdadır, yalan deyirlər Amerikadır”

“Nə şeyx istəyirik, nə molla, lənət olsun ayətullaha”.

Əlavə olaraq da güney azərbaycanlıların əsas şüarı:

“Azadlıq, Ədalət, Milli hökumət!”

“Azərbaycan öz yolunu tapıbdır, səltənəti, vilayəti atıbdır”

Hökumətə xitabən “Bişərəf”, “Biqeyrət” şüaraları da ən çox səslənən şüarlar arasındadır.

Heç şübhəsiz ki, İran əhalisi 1979-cu ildəki səhvini bir gün düzəldəcək. Ancaq molla rejimini və ona dəstək verənləri heç vaxt bağışlamayacaq.

Qeyd: İranda hakimiyyətin başında duran şəxsin daşıdığı vəzifənin adı “rəhbər”dir. “Ali dini rəhbər”, “dini rəhbər”, “ali dini lider” kimi sözlər doğru deyil. İranda iki növ hakimiyyət yoxdur ki, birinin başında dini lider, o birinin başında qeyri-dini lider dursun. “Rəhbər” sözü isə “öndər”, “lider”, “başçı” kimi tərcümə oluna bilər.

Teqlər: