İranda qadınların mübarizəsi: yeni dalğa başlayır

İranda qadınların mübarizəsi: yeni dalğa başlayır

İranın bir çox yerində hicabsız gəzən xanımların sayı artıb. Əsasən, Tehran, Urmu, Təbriz və Yəzd kimi şəhərlərdə xanımlar hicab taxmaqdan imtina edib. Məhsa Əmini ilə başlayan qadın hərəkatı davam edir və xanımlar molla rejiminin göstərişinə tabe olmaq istəmirlər.

Bu sözləri AzerTimes-a Güney Azərbaycandan olan milli fəal Sürgün Günəş İranda hicabsızlığa görə qaydaların sərtləşdirilməsi haqda qəbul edilən qərarı şərh edərkən deyib.

“Tehran rejimi islam örtüyü adı altında xanımların başladığı qadın hərəkatını boğmaq istəyirlər. Ramazan ayından sonra isə qaydalar daha da sərtləşdiriləcək. Orucluq olduğuna görə ciddi cəzalananlar yoxdur. Amma İran polis qüvvələrinin rəhbəri Əhmədrza Radan bir neçə gün öncə hicaba əməl etməyənlərə sərt qaydalar tətbiq olunacağını deyib. Baş örtüsünə qarşı çıxan qadınlar həbs oluna bilər”, – o bildirib.

S.Günəş bütün cəza tədbirlərinə və təhdidlərə baxmayaraq, İran qadınlarının qəti mövqe tutduqlarını bildirib:

“Qadınlar mübarizələrindən geri çəkilmək niyyətində deyil və hər nə yolla olur-olsun, azad yaşamaq istəyirlər. İranın bəzi yerlərində bu qərara etiraz olaraq həftənin şənbə günü aksiya keçirmək istəyirlər”.

Teqlər: