İranda qadınları buna məcbur edə bilmirlər – Cəfəri

İranda qadınları buna məcbur edə bilmirlər – Cəfəri

Tehranın varlı xanımları etirazlardan əvvəl də hicab qaydalarına tam əməl etmirdilər. Eləcə də Təbriz və digər böyük şəhərlərdə qadınlar məcburi hicaba boyun əymək istəmirdilər.

Bu sözləri AzerTimes-a güneyli şairə və milli fəal Şərifə Cəfəri İranın hökumət nümayəndələrinin hicabsızlığın artması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, etirazlardan sonra hicabdan imtina halları daha da artıb:

“Etirazlardan sonra vəziyyət daha da dəyişdi. Qorxan insanlar cəsarətləndilər. Odur ki, hicab geyinməyənlərin sayı hazırda artıb. Ancaq dini inacı yüksək olan kəsim hicab qaydalarına tam şəkildə əməl edir”.

Hazırkı prosesin geridönüşü olmadığını bildirən Cəfəri İranda xanımların azadlıq istədiklərini diqqətə çatdırıb:

“Qadınlar əsla geri çəkilməyəcəklər. Daha mümkün deyil, o tabu sındı. Zorla, məcburən başlarını örtür, buna görə özlərini basqı altında, əsarətdə hiss edirdilər. Bilirik ki, İran hakimiyyətinin siyasəti basqı üzərində qurulub. Bu basqı isə qadınları qəzəbləndirir. Ola bilsin zahirdə sussunlar, amma batində etiraz güclənir, insanların hakimiyyətə nifrəti getdikcə artır”.

Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah aksiyalardan sonra hicab geyinməyən qadınların sayında 2 dəfə artım olduğunu bildirib.

Teqlər: