Xəbər - Elnur Bağışov – Trend:
İranda 13-cü çağırış prezident seçkilərində səsvermənin müddəti yerli vaxtla gecə saat 02:00-dək uzadılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata görə, İranın Koronavirusla Mübarizə Milli Komitəsinin icazəsi ilə səsvermə qeyd olunan saata qədər davam edəcək.
Son saatlarda İranda səsvermədə aktivlik müşahidə olunduğuna görə, belə bir qərar verilib.
Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.