Xəbər - Elnur Bağışov – Trend:
İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkilərində izdihamın olmaması üçün addımlar nəzərdə tutulub.
Bunu İranın Seçki Komissiyasının sədri Camal Orf deyib. Bu barədə Trend ISNA-ya istinadən məlumat verir.
C.Orfun sözlərinə görə, seçki günü (18 iyun) hər bir seçki qutusu üçün 1 min səs nəzərdə tutulub.
Orf əlavə edib ki, bununla əlaqədar İran vətəndaşları tətbiq (applikasiya) vasitəsi ilə ən sakit seçki məntəqəsini seçə bilərlər. Seçki məntəqələri və qutularının sayı artırılıb.
Komissiya rəsmisi deyib ki, İranın Seçki Komissiyası Koronavirusla Mübarizə Komitəsi və Konstitusiyaya Nəzarət Şurasının razılığı ilə namizədlərin yerli medialarda öz planlarını açıqlamalarına, mümkün qədər təbliğat-təşviqat kampaniyasının distant şəklində keçirilməsinə çalışır.
Qeyd edək ki, İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkiləri gələn il 18 iyunda keçiriləcək. İranda bölgü əsasında 31 vilayət, 450 rayon var.
Əlavə edək ki, bu günədək (23 fevral) İranda 1 590 605 nəfər koronavirusa yoluxub, 59 663 nəfər bu virusdan ölüb, 1 358 541 nəfər sağalıb.