İranda nə baş verir: etiraz, yoxsa inqilab?

İranda nə baş verir: etiraz, yoxsa inqilab?

İranda sentyabrın ortalarında Məhsa Əminin ölümü ilə başlanan etirazlar üçüncü aydır ki, davam edir. Bu sosial-siyasi hərəkat uzun müddətdir davam etdiyi və bütün əyalətləri əhatə etdiyi üçün inqilabi xarakter almaqdadır.

AzerTimes xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov qeyd edib.

Mütəxəssis İrandakı rejimin hadisələrin miqyasını kiçiltmək üçün bilərəkdən “iğtişaş” kəlməsini işlətdiyini bildirib:

“Son vaxtlar etirazçıların özləri də “ona etiraz deməyin, adı inqilab olub” şüarı ilə hadisələrə “inqilab” deməyə səsləyirlər. Qərb mediası və rəsmiləri də İranda baş verən hadisələrlə bağlı “inqilab” sözü işlədir. İran Siyasi Elmlər Assosiasiyası hazırkı etirazların bəzi inqilab parametrlərinə malik olduğu, lakin konkret ideologiya və vahid rəhbərliyin yoxluğu üzündən ona inqilabi hərəkat deməyin mümkün olmadığını vurğulayıb. İran hakimiyyəti isə etirazlar barədə lap əvvəldən “iğtişaş” kəlməsindən istifadə edir, bununla da hansısa xarici qüvvələrin ölkəni qarışdırmaq niyyətini vurğulayır. İstənilən halda, indiki etirazların İslam Respublikasının 43 illik mövcudluğu dövründə üzləşdiyi ən böyük çağırış olduğu şübhəsizdir”.

Çıraqov tərəflər arasında kəskin barışmazlığın və etirazların konkret problemlər ilə bağlı olmasının etirazlara inqilab deməyə əsas verdiyini qeyd edib:

“Məsələnin digər bir cəhəti budur ki, mitinqlərdə etirazlar bir qayda olaraq konkret problemə aid olur, yəni bir növ mövcud sistemdə islahat aparılmasını tələb edir. Hazırda etirazlar mövcud sistemin özünün inkarına və dəyişdirilməsinə yönəlib ki, bu da artıq inqilab məfhumuna uyğun gəlir. İslam quruluşunun simvollarına qarşı hərəkətlər (hicabdan kütləvi imtina, ruhanilərin əmmamələrinin yerə atılması, rejim “müqəddəslərinin” şəkil və heykəllərinin yandırılması), ölkənin ali rəhbəri və onun “vilayəti” əleyhinə çağırışlar (“Xameneiyə ölüm”, “Xamenei qatildir, vilayəti batildir”) və nəhayət, geniş şəkildə istifadə olunan “islam respublikasını istəmirəm, istəmirəm” şüarı onun inqilabi və hakim quruluşun devrilməsi hədəfindən xəbər verir.

Digər diqqəti çəkən başqa bir cəhət odur ki, proseslərdə qarşı duran tərəflər arasında hansısa təmas və dialoq yoxdur, münasibətlər hədəflərə uyğun olaraq barışmaz xarakter daşıyır. Belə ki, məsələn, su etirazlarında, müəllimlərin və təqaüdçülərin aylarla davam edən aksiyalarında hakimiyyət nümayəndələri birbaşa və ya media vasitəsilə etirazçılarla təmasa girir, onların tələblərinə münasibət bildirirdilər. Hazırkı prosesdə isə tərəflərin bir-birini tam inkar etdiyini və hansısa təmas cəhdindən yayındığını görürük. Hətta zorakılıqla müşayiət olunan 2019-cu il noyabr etirazlarında (benzin qiyamı) hakimiyyət güc tətbiqi ilə yanaşı, öz addımları barədə müəyyən izahat verir, qiymət artımını əsaslandırmağa çalışır, onun mənfi sosial nəticələrini azaltmaq üçün nəzərdə tutduğu tədbirlərdən danışırdı. Amma indi bu, baş vermir. Belə durumun meydana gəlməsinin önəmli səbəblərindən biri odur ki, qarşı duran qüvvələr bir-birini “tanımır”, müxtəlif nəsilləri təmsil edən və fərqli dəyərlərə tapınan bu təbəqələr arasında kommunikasiya yoxdur, əksinə, dərin bir uçurum var. İran iqtisadçısı Sadiq Əlhüseyni yazdığı qısa təhlildə hazırkı etirazların hakimiyyətlə xalq arasında olan üç növ uçurumun nəticəsində meydana çıxdığını vurğulayıb:

– Əhalinin rifahının dəhşətli dərəcədə pisləşməsi, cəmiyyətin 30%-nin orta təbəqədən çıxması və son on ildə yoxsulluğun dəfələrlə artmasından doğan uçurum,

– Nəsillər arasındakı uçurum,

– Qadınlara ağır təzyiqin yaratdığı uçurum”.

Ekspert nəsillər arasındakı ziddiyyətlərə də diqqət çəkərək, mitinqlərin əsas aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayıb:

“İrandakı etirazlarda ikinci faktorun, yəni nəsillər arasındakı ziddiyyətin önəmli rolu mövcuddur. SEPAH-a bağlı olan “Fars” informasiya agentliyi son etirazlarda həbs olunanların yaş kateqoriyaları barədə məlumat yayıb. Həmin məlumata görə, saxlananların 41,8%-ni 20 yaşa qədər, 48,2%-ni 20-35 yaş arasında olanlar, 10%-ni isə 35 yaşdan yuxarı olanlar təşkil edir. Bu statistika hazırkı etirazların əsas hərəkətverici qüvvəsinin gənclər (hətta yeniyetmələr) olduğunu aydın şəkildə nümayiş etdirir və onların rejimə müxalif olan ənənəvi siyasi cərəyanları təmsil etmədiyini ortaya qoyur. Yəni prosesdə qarşı duran qüvvələr bir-birinə yaddır”.

Teqlər: