Xəbər - Elnur Bağışov – Trend:
İranın cənubunda yerləşən Hörmüzqan vilayətində təxminən 35-38 nəfər arasında koronavirusun mutasiyaya uğramış Afrika ştammı aşkarlanıb.
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki jurnalistlərə açıqlamasında deyib. Bu barədə Trend nazirliyin informasiya portalına istinadən məlumat verir.
S.Nəməkinin sözlərinə görə, Afrika ştammının problemlərindən biri müalicələrin effektiv olmamasıdır. Bu günədək istehsal olunan əksər vaksinlər bu ştamm qarşısında acizdir.
İranlı nazir əlavə edib ki, İranın Qum vilayətində 3 nəfərin koronavirusun mutasiyaya uğramış Hindistan ştammına yoluxduğu müəyyənləşib: “İranın Qərbi Azərbaycan vilayətində 10 hindistanlı işçinin Hindistan-Kaliforniya (hibrid) ştammına yoluxduğu bəlli olub. Həmçinin Yəzd vilayətində də bir zavodun işçiləri bu növ ştamma yoluxub.
Bu növ ştammlar İranda yayılarsa, İranın səhiyyə sistemində problem yaşanacaq”.
Qeyd edək ki, bu günədək (5 may) İranda 2 591 609 nəfər koronavirusa yoluxub, 73 568 nəfər bu virusdan ölüb və 2 039 427 nəfər sağalıb.