İranda kiçik təyyarələrin uçuşları dayandırılıb

Bak. Elnur Bağışov – Trend:

İranda yüngül mühərrikli təyyarələrin təlim və əyləncə uçuşları naməlum müddətək dayandırılıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məhəmməd Həsən Zibəxş deyib.

M.Zibəxşin sözlərinə görə, uçuşların dayandırılmasında məqsəd son vaxtlar baş verən qəzalar və ehtimal oluan təhlükələrin qarşısının alınmasıdır.


M.Zibəxş əlavə edib ki, İranda bu işlə məşğul olan bütün şirkətlər daxili auditlər keçirməli, təhlükəsizlik riskini dəyərləndirən nəticələri İranın Mülki Aviasiya Təşkilatına göndərməlidirlər.

Qeyd edək ki, mayın 11-də İranın Ərak şəhəri aeroportunda yüngül mühərrikli təyyarə təlim zamanı qəzaya uğrayıb və hər iki sərnişini (pilot və pilot köməkçisi) ölüb. Bu gün də İranın Kiş adası yaxınlığında yüngül əyləncə təyyarəsi qəzaya uğrayıb və sərnişinlər xilas ediliblər.