İranda hərbçilər prezidentliyə namizəd ola biləcəklər

Xəbər - Elnur Bağışov – Trend:

İranda 18 iyunda keçiriləcək prezident seçkilərində hərbçilər prezidentliyə namizəd ola bilərlər.

AzerTimes-ın məlumatına görə, bunu İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxodayi mətbuat konfransında deyib.

A.Kədxodayinin sözlərinə görə, hərbçilərin prezident seçkilərində namizəd olmasına dair qadağa yoxdur. Əlbəttə hərbçi seçkilərdə qalib gələrsə, artıq hərbçi olmayacaq.

O, əlavə edib ki, hərbçilərin və ya silahlı qüvvələrin siyasi məqsədlərlə seçkilərə müdaxiləsi seçkilərlə ziddiyyət təşkil edir və qadağandır.


Şura sözçüsü bildirib ki, İranda prezident seçkilərində üç hakimiyyət qüvvəsi (məhkəmə, parlament və hökumət) başçısının namizədliyini irəli sürməsinə heç bir qadağa qoyulmur. Yalnız seçkilərə birbaşa nəzarət etmək üzrə məsuliyyəti olan şəxslər namizədliyini irəli sürmək istədiyi halda qeydiyyatdan öncə istefa verməlidirlər.

A.Kədxodayi koronavirus pandemiyası ilə əlaqədar seçki qutularının 15% artırılacağını qeyd edib.

Qeyd edək ki, İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkiləri 18 iyunda keçiriləcək. İranda bölgü əsasında 31 vilayət, 450 rayon var.