Ötənilki ümumxalq etirazlarının ildönümündə yenidən aksiyalar baş qaldıra bilər. Ölkədə siyasi böhran və iqtisadi çətinliklər yaşanır. Hətta benzinin bahalaşacığı ilə bağlı xəbərlər gəzir.
Bu sözləri AzerTimes-a güneyli milli fəal, Ülkü Ocaqlarının sədr müavini Elyar Türkər İranda əxlaq polisinin fəaliyyətinin bərpası ilə bağlı məsələni şərh edərkən deyib.
O, ümumxalq etirazlarının yenidən başlamasında iqtisadi təzyiqlərin rol oynaya biləcəyini diqqətə çatdırıb:
“İnsanların beynini hicab məsələsi ilə qarışdırmaq istəyirlər. Amma unutmayaq ki, ABŞ ötən gün İranla nüvə razılaşması istiqamətində müzakirələrdən çəkildiyini bildirib. Bu, Tehrana iqtisadi təzyiqləri artıra bilər. Ölkədə bahalaşma qaçılmazdır. Son günlər benzinin qiymətinin artacağı ilə bağlı söhbətlər dolaşır. Benzin bahalaşsa, etirazlar da başlayacaq. Çünki bu bahalaşma bir çox yerlərdə kəskin qiymət artımına səbəb olacaq. Alıcılıq qabiliyyəti onsuz da aşağı olan əhalinin vəziyyəti kəskin pisləşəcək. Buna etiraz olaraq millət küçələrə çıxıb etiraz edə bilər. İran hicab məsələsində bir təcrübə qazandığı üçün bunu özü qəsdən körükləyir”.
Onun sözlərinə görə, əxlaq polisinin yenidən gündəmə gətirilməsi rejim tərəfindən gənclərin diqqətini əsas problemlərdən yayındırmaq məqsədi daşıyır:
“Gənclərin fikrini bu istiqamətə yönəldib, onları əsas problemlərdən yayındırmaq istəyir. Çünki hicaba görə etirazları yatırmaq daha asandır. Amma iqtisadi problemlərə görə etiraz başlasa, narazı kütlənin qarşısında durmaq çətin olacaq. Hakimiyyət böyük itkilər verəcək”.
O, rejimin əxlaq polisi ilə bağlı ümidlərinin özünü doğrultmayacağını bildirib:
“Uğursuz bir addımdır. İstədikləri nəticəni əldə edə bilməyəcəklər. Çünki İran rejiminin öz içində bəzi vəzifəli şəxslərin əxlaqsız videoları yayılıb. İnsanlara əxlaq və din dərsi verənlərin bu cür görüntüləri mütamadi olaraq ictimaiyyətə sızdırılır. Bu, o deməkdir ki, rejim son nəfəsini verir və hakimiyyət daxilində də savaş başlayıb”.