Xəbər - Elnur Bağışov – Trend:
Bu gün (29 iyul) İranın Tehran-Şimal magistral yolunun Əlborz vilayəti hissəsində ən böyük tunel hesab olunan 6,5 km uzunluğunda tunel və əlaqədar avtomagistral yol istifadəyə verilib.
AzerTimes xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi bu gün İranda bir sıra yol və dəmiryolu xətlərinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib.
X.Xademinin sözlərinə görə, ümumilikdə 22 km uzunluğunda olan bu tunel və əlaqədar magistral yolun inşası üçün 40 trilyon rialdan (təxminən 952 milyon dollar) çox vəsait xərclənib.
Xademi əlavə edib ki, Tehran-Şimal magistral yolunun 32 km uzunluğunda olan birinci hissəsi 2020-ci ilin fevral-mart aylarında istifadəyə verilib.
Nazir müavini bildirib ki, Tehran-Şimal magistral yolunda tunel və əlaqədar magistral yolun istifadəyə verilməsi ilə məsafə 45 dəqiqə azalıb.
Qeyd edək ki, Tehran-Şimal magistral yolu Tehran vilayətini İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus şəhərinə birləşdirir. Bu magistral yol 4 hissədən ibarətdir. 1-ci hissənin uzunluğu 32 km, ikinci hissənin uzunluğu 22 km, 3-cü hissənin uzunluğu 47 km, 4-cü hissənin uzunluğu isə 20 km-dir. 4-cü hissə 2015-ci ildə istismara verilib. İranda istirahət vaxtlarında İranın şimal bölgələrinə səfərlərin artdığı nəzərə alınaraq bu magistral yolun çəkilməsi diqqət mərkəzində durur.