Bu gün TİMES nəşrinin manşetində bir şəkil gedib. Əlində silahı olan bir kürd qızın şəklidir. Altında yazıb: “Mən İrandan qaçmışam. Baş örtüyümü “Kalaşnikov”la dəyişmişəm”.
Həmin manşetin altında yazıb ki, Məhsa Əmininin ölümündən sonra zalım İran rejiminin cinayətlərindən qaçan qadınların rejimə qarşı silah götürməsinin səbəbləri məlum oldu.
Əslində bu şəkil və şəklin altında olan mətn bu gün İran gərçəkliyinin tam təzahürüdür.
İranda etiraz aksiyalarının 6-ci həftəsi başlayıb. Bu müddətdə İran daxilində hadisələrə münasibət müxtəlif qurumlar tərəfindən birmənalı olmayıb. İran islahatçıları etiraz aksiyalarının ilk həftələrində əhalinin tələblərini dəstəkləsələr də, son günlərdə hakimiyyətin mövcudluğu ilə bağlı öz narahatlıqlarını bildirirlər. İslahatçıların bir çoxu hadisələrin başlanğıcında etiraçılara dəstək nümayiş etdirən statuslar paylaşsalar da, indi etiraz aksiyalarında səsləndirilən şüarların mahiyyətini tənqid edərək, bu şüarları sistemə qarşı hesab edir və aksiyaları pisləyirlər.
Əslində hakimiyyətdaxili qüvvələr – istər islahatçı olsun, istər mühafizəkar – İranda sistemin dəyişməsinin tərəfdarı deyillər. Daxildə olan digər qruplar, o cümlədən İran ülküçüləri sayılan milli-məzhəbi qruplar da İslam Respublikası rejiminin dəyişdirilməsi tərəfdarı deyillər. Bu səbəbdən onların bir çoxu etiraz aksıyalarının əleyhinə bəyanat səsləndirir, digərləri də hədəfə gəlməmək üçün susmağa üstünlük verir.
Belə olan halda hakimiyyətin daxildən dəyişməsi qeyri-mümkün haldır. İndiki şəraitdə xarici müxalif qüvvələrin də daxildə ciddi fəaliyyət imkanları yoxdur. Küçələrdə baş verən iğtişaşlar getdikcə səngiyir. Demək, bu hadisələr İranda ciddi dəyişikliklərə gətirib çıxartmayacaq. Rejim etirazçılarla müzakirənin bütün qapılarını bağlayıb və onları heç bir vəchlə eşitmək istəmir.
Etirazçıların isə tələbləri onlar üçün vazkeçilməzdir. İranda fərdi azadlıqların verilməməsi, gənc nəslin tələblərinin yerinə yetirilməməsi, onların gələcəyə ümidsizliyi və bir çox digər daxili problemlər öz həllini tapmayana qədər hakimiyyət və xalq arasında uçurum getdikcə dərinləşəcək.
Ölkədə din xadimlərinin əhali arasında ictimai mövqeyi ciddi şəkildə zəifləyib. Onların bəzilərinin adları maliyyə fırıldağında hallanır. Bəzi hallarda özləri olmasa da, ailə üzvlərinin adları bir çox neqativ olaylarla gündəmə gəlir. Siyasi və vəzifəli şəxslərin bir çoxu külli miqdarda pul mənimsəyərək ölkədən qaçır.
İslam inqilabından sonra bir çox inqilab iştirakçısı İranda əhaliyə “Amerikaya ölüm!” deməyi tələb etdiyi halda, onların öz övladları Avropa və Amerikada rifah içində yaşayır, bahalı universitetlərdə təhsil alır. İranın xarici siyasətində səhv addımlar ölkəni təcrid vəziyyətinə gətirib çıxarıb.
Qərb dövlətləri ilə nüvə müzakirələri dalana dirənib. Avropa və Amerikanın İrana qarşı sanksiyaları ölkə iqtisadiyyatını sözün həqiqi mənasında çökdürüb. Qonşu dövlətlərlə münasibətlər bərbaddır. Fars körfəzi ətrafındakı ölkələr İranın əsl düşməninə çevrilib. İran ordusu Suriyada, İraqda, Yəməndə həm canlı, həm maliyyə itkiləri verir. Son zamanlar İranın Rusyaya verdiyi PUA-larla Ukrayna müharibəsinə daxil olması Qərb dövlətlərinin yeni sanksiyaları ilə üzləşmə ehtimalını gücləndirib. Bütün bunları görən İranda yaşayan xalqlar öz gələcəklərinə laqeyd qalmaq istəmir. Amma eyni zamanda, etirazların da nəticə verə biləcəyinə inanmırlar. Xalqın parlamentdə olan nümayəndələri də korrupsiya oyunlarına qatıldıqlarına görə ədalətli mövqe tutmaqdan çəkinir. Bələ bir vəziyyətdə hər tərəfdən ümidsizliyə düçar olan xalq ölkəsinə xarici güclərin müdaxiləsini arzu edir.
O da olmadığı təqdirdə bu ümidsizliyin sonu həqiqi mənada xaos ola bilər. Yaxın gələcəkdə İranın bütün bölgələrində böyük xaos və hətta daha faciəli hadisələr gözləmək mümkündür.