İranda “Azərbaycan casusları” şərləməsi – Günəş

İranda “Azərbaycan casusları” şərləməsi – Günəş

Tutulan dostlarımızla bağlı bilgi əldə edə bilməmişik. On fəaldan xəbər yoxdur. Sonuncu olaraq Molla Əzim Qədim də saxlanılıb. Telefonuna zəng çatmadığına görə, güman edirik ki, onu da tutublar.

Bu sözləri AzerTimes-a Güney Azərbaycandan olan milli fəal Sürgün Günəş son bir həftədə həyata keçirilən kütləvi həbslər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu şəxslərin tutulmasının heç bir əsası yoxdur və çox güman ki, onlara qarşı yalan ittihamlar irəli sürüləcək:

“Hökumət qüvvələri milli fəallara xəbərdarlıq etmişdi. Quzey Azərbaycanla bağlı əlaqələrimizə son qoyulması istənilmişdi. Bizim də Quzeylə bağlı hər hansı gizli fəaliyyətimiz yoxdur. Amma hökumət çoxlarını casusluqda ittiham edir. Bu, yalan ittihamdır, böhtandır. Biz hesab edirik ki, Azərbaycanda tutulan İran casuslarına qarşılıq olaraq bu addım atılıb. Hazırda taleyindən nigaran qaldığımız fəalların Quzey Azərbaycana bağlılığı yoxdur. Əslində, kütləvi həbslərin səbəbi İranda keçiriləcək seçkilərdir. Urmiya gölünün qurumasına etirazlar da bu həbslərin səbəbləri sırasındadır. Həbs edilənlər Urmiya gölünün qurudulmasına, ana dilində yazıb-oxumağa görə mübarizə aparan şəxslərdir. Hakimiyyət isə tutulanları Quzey Azərbaycana bağlamaq istəyir. Bununla da bizim sosial tələblərimizi, milli haqlarımızı arxa plana keçirir. Biz seçkilərdən sonra çox ciddi şəkildə Urmiya gölünün qurudulması ilə bağlı etiraz aksiyası keçirməyə hazırlaşırıq. Bəlkə bununla bağlı məlumatları var və bizi qarşı tədbir görürlər. İndi kim səsini çıxarmağa çalışsa, casus ittihamı ilə zindana atacaqlar”.

Sürgün Günəş bildirib ki, hökumət nəinki milli fəallara, hətta onların ailə üzvülərinə qarşı da amansız davranır:

“Tutulan fəalların ailə üzvləri də təhlükə altındadır. Salar Tahir Əfşarın yaxınlarına fiziki güc tətbiq olunub. Bacısını və onun həyat yoldaşını döyüblər. Bacısı ciddi xəsarət alıb. Bilmirəm bunun səbəbi nədir. Milli hərəkatın təşkilat gücü zəifdir, bəlkə, ona görə bu məsələlərə təpki verə bilmirlər. Amma hesab edirəm ki, bizə qarşı təzyiqlər bununla bitməyəcək və həbs olunanların sayı arta bilər”.

Qeyd edək ki, “Tasnim” İranda “təxribat törətməyə çalışan” “Azərbaycana bağlı casusların” ələ keçirildiyini açıqlayıb.

Teqlər: