İrana Azərbaycana etdiklərinə görə təşəkkür edirəm!

İrana Azərbaycana etdiklərinə görə təşəkkür edirəm!

Hazırda İran adlı ərazi və burada yaşayan xalqlarla Azərbaycanı və xaqlımızı o qədər möhkəm tellər bağlayır ki, bunu təsəvvür etmək belə çətindir. Ona görə yox ki, İranda 40 milyon civarında Azərbaycan türkü və 5 milyon da digər türk xalqların yaşadığı haqda statistika var.

Məsələ bundadır ki, indi İran adlanan məkanda azərbaycanlı və farsların ortaq dəyərləri, adəti, ənənəsi, mifologiyası, dünyagörüşü, dini baxışları, musiqisi birləşir, bütövləşir və bunun tarixi qətiyyən Səlcuqlardan, Hülakilərdən başlamır, heç islamdan da start götürmür. Bu tarix xürrəmilərdən, məzdəkilərdən, zərdüştilərdən də qədimdədir – işartılarına yalnız əfsanələrdə, rəvayətlərdə, bir az da Herodotda, Pifaqorda (maqlardan təlim alıb), Bisütun kitabələrində rast gəlmək olar.

Millətləşmə prosesindən çox-çox əvvələ dayanan dini dünyagörüş üzərində min illərlə ortaq mədəniyyət yaratmışıq – indiki muğama qədər. Daranın arxasında türk dayanıb, onun dini ilə böyük bir imperiya qurulub və s.

İndi fars millətçiliyinə dayanan İran:

– Əgər 1991-ci ildən müstəqilliyini elan edən Azərbaycanı ilk tanıyanlardan olsaydı; həmin vaxt yalnız Türkiyənin tanıdığı Azərbaycan haqda 18 oktyabrdan 40 gün sonra – 27 noyabrda Əli Əkbər Vilayətinin timsalında “Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik” (“İzvestiya” qəzetinə açıqlaması) əvəzinə, Azərbaycanı dəstəkləsəydi;

– Yalnız 1991-ci ilin 25 dekabrında İsrail müstəqilliyimizi tanıyandan sonra fakt qarşısında qalıb, müstəqilliyimizi tanımağa bu qədər açıq şəkildə məcbur olduğunu göstərməsəydi;

– Əgər Rəfsəncani Xocalı soyqırımından dərhal sonra Ayaz Mütəllibovun yardım xahişini geri çevirməsəydi və dolayısı ilə bu soyqırımdan məmnunluğunu göstərməsəydi;

– Əgər 1992-ci ilin mayında “vasitəçilik” təşəbbüsü ilə çıxış edib, danışıqlar adı ilə başqatma rolunu üstlənməyib, Şuşanın işğalına şərait yaratmasaydı; əksinə, Şuşanın işğalından istifadə edib, Ermənistanın siyasətinə qarşı çıxsa və qətiyyətli davransaydı;

– Əgər Azərbaycana guya silah vermək adı ilə həm pulumuzu alıb, həm də yararsız, əyrihədəfli raketlər verib, atdığımız raketlərin başımıza düşməsinə şərait yaratmasaydı;

– Əgər erməni terrorçular 1992-ci ilə Qarabağa toplananda məşhur general Qasım Süleymanini onlara yardıma göndərməsəydi;

– Əgər işğal illərində aktiv şəkildə ermənilərə yardım etməsəydi;

– Əgər Ermənistanın blokadaya alınmaqla torpaqları azad etmə siyasətini aparan Azərbaycana qarşı çıxıb, Ermənistana nəfəslik verməsə və onu iqtisadi baxımdan xilas etməsəydi;

– Əgər 90-cı illərin sonundan, 2000-ci illərdən başlayaraq, Azərbaycana qarşı açıq düşmənçiliyə keçib, sərhədimizi dəfələrlə pozmasa, dəniz və hava məkanımızda gəmi-təyyarə “üzdürüb-süzdürməsəydi”;

– Əgər minlərlə km uzaqlıqda Fələstin “dərdini” çəkdiyini göstərib, sərhədinin dibində məscidlərin viran qalmasına, məscidlərə donuz bağlanmasına, 1 milyondan artıq müsəlmanın torpağından qovulmasına yardım etməsə, islam həmrəyliyi göstərsə və bu genosidi aparan qonşusu xristian Ermənistana cani-dildən yardım etməsəydi;

– Əgər İran indi Ermənistan haqda dediyi kimi, “Azərbaycan ərazisi qırmızı xəttimizdir” deyib, Ermənistana güc nümayiş etdirsə və hədələsəydi;

– Əgər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində böyük qonşu kimi müstəsna rol oynasaydı…

Nələr olardı, bilirsinizmi?

– Azərbaycan məcbur olub, İsraillə bu qədər geniş əlaqələr qurmayacaqdı;

– Azərbaycanda büsbütün İran şirkətləri fəaliyyət göstərəcəkdi;

– Azərbaycan viza rejimini aradan qaldıracaq, sərhəd şəffaflaşacaqdı;

– Azərbaycanlılar üçün Qum düşmən yuvası deyil, “dini ocaq” olacaqdı;

– Məşədilərin sayı kəskin artacaqdı;

– Bakı küçələrini çarşablılar bürüyəcəkdi;

– Evdən Xamenei şəkli çıxması adamın casus olmasına yox, vətənpərvərliyinə dəlalət edəcəkdi;

– Azərbaycan küçələrində İran bayrağını dalğalandırmaq milli iftixar sayılacaqdı;

– …Yəni İranın Azərbaycana mədəni ekspansiyası başlayacaqdı…

Kimsə cəsarət edib, Azərbaycanda “İran agenti” axtarmayacaqdı; İranı təbliğ edən molla-axundlar mötəbər adam sayılacaqdı; İran şiə ideologiyasından istifadə edib, Azərbaycanı tam ağuşuna alacaqdı – minillərlə mövcud olan ənənə, təfəkkür, düşüncəyə yeni qol-qanad veriləcəkdi.

İran din siyasətində yumşalma aparıb, liberallaşsa və dünya gücü olmaq istiqamətində Çin kommunistləri kimi, ehkamları saxlamaqla, addımlar atsaydı, indi Azərbaycanı təsəvvür edirsinizmi? 86,6 km-lik, 10 milyonluq Azərbaycan 1,65 milyon km-lik, 87 milyonluq dogma əqidə, din, dünyagörüş nüfuzu qarşısında nə edə bilərdi?

İran 2020-ci il 10 noyabr sazişindən sonra da dəyişə, siyasətini korrektə edə, nəinki təklif edilən “3+3”, həm də Türk Dövlətləri Təşkilatı ilə yüksəksəviyyəli əlaqələr qura, özünü həm də bu təşkilatın bir üzvü edə bilərdi, böyük bir arealda inanılmaz söz sahibinə çevrilə, türklərin sayğı göstərdiyi dövlət ola bilərdi. Və Vəfalı Türk bu cür siyasət aparan İranın dini ideologiyasına da, ərazisinə də hər zaman sayğı göstərəcəkdi.

İran tamamilə ayrı siyasət seçdi: türkə düşmənçilik, Azərbaycana zərbə, islam təəssübkeşliyindən kənarlaşma, xristian Ermənistana misilsiz yardımlarla türk milli kimliyinin sürətlə oyanmasına möhtəşəm yardım etmiş oldu.

– İran ən son Zəngəzur dəhlizinə mane olmaqla dünyanın “qurşağını” təşkil edən türk dövlətlərinin sürətli yaxınlaşmasını təmin edir;

– İran həm də min ildən artıqdır islamın dayağına çevrilən türklərə düşmənçiliklə islam dünyası ilə türkləri bir az da yaxınlaşdırır;

– İran Azərbaycanın sərhədində təlimlər keçmək, Ermənistanı “qırmızı xətti” adlandırmaqla apardığı türk düşmənçiliyi ilə Güney Azərbaycan türklərinin milli oyanışında müstəsna rol oynayır;

– İran yürütdüyü siyasətlə “şiə hilalı”na deyil, sürətlə parçalanmağa doğru gedir.

Təsəvvürü tamamlamaq üçün bir müqayisə də verib, bitirək: Min il İranı türklər idarə etdi, ancaq yaratdığımız ortaq mədəniyyətdə farsların dominantlığına qarşı çıxmadıq, dilini-dinini təkcə qorumadıq, həm də öz dahilərimizlə inkişaf etdirdik, böyük bir ədəbiyyat, tarix, elm bəxş etdik, yönətdiyimiz dövlətdə də farslar əsas söz sahibi oldu.

İranın fars millətçiləri sonradan “ariliyə” o qədər aludə oldular ki, 21-ci əsrdə böyük olma imkanlarını əldən verdilər.

Şükür ki, bu şansı əldən verdilər; şükür ki, İranın molla rejimi çox böyük yanlışlar etdi; şükür ki, 2020-ci ildən sonra daha açıq düşmənçiliyə keçdilər – buna görə məxsusən Xameneiyə təşəkkür düşür!

Nəticə ortadadır: Azərbaycan bu siyasətə qarşı Türkiyə ilə birgə həm də Xəzərin O tayına boylanır: bir həftə içində İlham Əliyev Orta Asiyaya iki dəfə səfər edir!

Hələ ki, Türkiyə-Azərbaycan birliyi Xəzərin O tayı ilə birləşir.

Çox yaxın müddətdə Arazın O tayı ilə də birləşmə başlayacaq…

Teqlər: