AzerTimes politoloq Zaur Məmmədovun Globalinfo.az-a müsahibəsini təqdim edir:
– Zaur bəy, son iki həftə ərzində İran parlamentariləri, politoloqları, generalları tərəfindən Zəngəzur dəhlizi ətrafında bəyanatlar verilir. Bəyanatlarda Rusiya prezidentinin və xarici işlər nazirinin Zəngəzur dəhlizinin açılmasına tərəfdar olması tənqid edilir. İranın narahatlığının səbəbi nədir?
– Çox güman ki, İranı narahat edən əsas səbəb bölgənin gələcək siyasi, iqtisadi və hərbi coğrafiyası ilə bağlı məsələdə Rusiyanın Azərbaycanla, yoxsa İranla həmfikir olması sualıdır. Ermənistan və Rusiya arasında münasibətlərin soyuqluğu və son vaxtlar Bakı – Moskva arasında ənənəvi yanaşmaların deyil, yeni reallıq və baxış bucağının formalaşması Tehranı narahat etməkdədir.
Hərçənd Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, 2020-ci ilin sonunda ədalət bərpa olunandan sonra yeni reallıqlar İrana da böyük üstünlüklər gətirəcək.
– Bütöv Azərbaycan və ya Zəngəzur mövzuları ətrafında İrandakı isterika ilk dəfə deyil. 1918-1920-ci illərdə AXC dövründə də İrandakı siyasətçilər Cənubi Qafqazdakı proseslərə ehtiyatla yanaşır və baş verənləri dövlətləri üçün təhdid sanırdılar…
– Elədir. 1919-cu ildə, əvvəlcə M.Ə.Rəsulzadə, daha sonra isə Y.V.Çəmənzəminli (“Xarici siyasətimiz” adlı kiçik həcmli əsərində) Tehranın narahatlığına cavab verir. O qeyd edir: “dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır”.
Bu gün də Azərbaycan dövlətinin rəsmiləri dəfələrlə bəyan edirlər ki, ölkəmiz İranla dost, qonşuluq münasibətlərinin tərəfdarıdır. Bu illər ərzində Ermənistanın tam olaraq blokadada qalmamasının yeganə səbəbinin İran olmasına, 2020-2023-cü illərdə İslam Respublikasının bölgədə müəyyən xoşagəlməz addımlar atmasına baxmayaraq, Azərbaycan dövləti qələbədən pay olaraq bütün qonşularını, o cümlədən İranı 3+3 formatına dəvət edib, Şimal-Cənub nəqliyyat xəttinin mümkün qədər tez işə salınması üçün səylərini davam etdirir.
Arazın cənubundakı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycan rəhbərliyi heç vaxt İrana qarşı koalisiyalarda iştirak etməyib və əsl qonşuluq, qardaşlığın necə olduğunu dəfələrlə birtərəfli qaydada sübut edib.
İranın müxtəlif məmurlarının Zəngəzurla bağlı açıqlamaları bizi tarixə nəzər salmağa vadar edir, çünki Əhməd şah Qacar çətin və gec də olsa bu ərazilər də daxil olmaqla 114 000 kv.km-lik Azərbaycan Respublikasını tanıyıb.
Bu aspektdən 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin İrana ilk Diplomatik Missiyasının hesabatı böyük maraq kəsb edir. İmzalanmış müqaviləyə əsasən, İran AXC-ni de-yure tanıyır və heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə baş nazir Vüsuq əd-Dövlənin təsdiqinə göndərdi. Sonrakı hadisələr məlumdur: 28 aprel və süqut…
Beləliklə, İran dövləti 1919-1920-ci illərdə davam edən görüşlərdə AXC-ni tanıyarkən onun sərhədlərini də tanımışdı. Həmin dövrdə Zəngəzur hələ ermənilərə verilməmişdi və dövlətimizin ərazisi 114 000 kvadrat km idi.
– Azərbaycan Respublikası (Qafqaz) və İran imperiyası arasında dostluq müqaviləsində nələr qeyd edilib?
– Müqavilə 4 maddədən ibarət idi.
1-ci maddəyə əsasən, İran Azərbaycan Respublikasının (Qafqaz) müstəqilliyini tanıdığını bəyan edirdi.
2-ci maddədə razılığa gələn hər iki tərəfin dostluq münasibətləri və sabit iqtisadi əlaqələr yaratmaq üçün ticarət-gömrük, poçt-teleqraf və s. konvensiyalar bağladığı qeyd olunurdu.
3-cü maddə iki dövlət arasında səfirlik səviyyəsində diplomatik münasibətlər yaradılmasına həsr edilmişdi.
4-cü maddədə müqavilənin 2 nüsxədə fransız dilində imzalandığı, həmin gündən bir ay müddətində ratifikasiya ediləcəyi və ratifikasiya aktlarının Bakıda mübadilə olunacağı bildirildi. Müqaviləni Cümhuriyyət adından xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, yollar naziri Xudadat bəy Məlik-Aslanov, İran imperiyası adından Seyid Ziyaəddin Təbatəbai imzalamışdılar.
Beləliklə, beynəlxalq ictimaiyyət tərəfindən Zəngəzur və Qarabağ Azərbaycan dövlətinin bir parçası hesab olunub. Yaxşı olardı ki, 2020-ci ildən bölgədə yeni reallıqlarla üzləşən siyasətçilər tarixə bir daha nəzər salsınlar.
Azərbaycan təkbaşına Ermənistan ordusunu darmadağın edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Hazırda regionumuz və qonşularımız üçün sabit Qafqaz vacib sayılmalıdır. Kommunikasiyaların açılması, qayıdışın reallaşması bölgədə sülh və dayanıqlı inkişaf üçün vacibdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması prosesində olduğu kimi, Zəngəzurun da tarixi reallığa qayıtması bölgənin çiçəklənməsinə xidmət edəcək.