İran Türkiyə və Azərbaycan birliyinin, müttəfiqliyinin, qardaşlığının hər keçən gün daha da güclənməsindən narahatdır. İran buna qarşılıq olaraq Ermənistanla olan münasibətlərini gündəmə gətirmək istəyir. Tehranın tez-tələsik Qafanda konsulluq açmasının səbəbi budur.
Bu sözləri AzerTimes-a İranın Qafanda planlaşdırılan vaxtdan dörd ay əvvəl və yarımçıq tikilidə konsulluq açması haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya məsələsinin İrana heç bir dəxli olmadığını vurğulayıb:
“Təbii ki, məsələnin Zəngəzurla əlaqəsi də var. Birincisi, İranın sözügedən məsələdə sərgilədiyi mövqe məntiqsizdir. Çünki biz sərhədlərin delimitasiyası ilə bağlı Tehranla yox, İrəvanla müzakirə aparırıq. İkincisi, hazırki sərhədlər SSRİ dövründə formalaşıb. Azərbaycan ilə Ermənistan arasında delimitasiyanın hansı xəritələrlə aparılması haqqında razılıq yoxdur. Bəs İranın bura nə dəxli var? Vaxtilə SSRİ ilə İran arasında Xəzərin statusu ilə bağlı imzalanan müqaviləyə görə Xəzər dənizində sərhəd xətti Azərbaycanın Astara, Türkmənistanın Həsənqulu yaşayış məntəqələri xətti üzrə müəyyən edilib. İndi İran Xəzərdə sərhəd xətti müqaviləsini vaxtilə SSRİ-nin təzyiqi ilə imzalamağa məcbur olduğunu, həmin müqaviləni qəbul etmədiyini bildirir. Bəs onda niyə Azərbaycanın 1918-1920-ci illərdə beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər çərçivəsində Ermənistanla sərhəddə delimitasiya işinin aparılmasına qarşı çıxır? Özü də İran vaxtilə SSRİ tərəfindən Zəngəzurun və digər yurd yerlərimizin zorla bizdən qoparılaraq Ermənistana verildiyini çox yaxşı bilir. Özlərinə istəmədiklərini bizə rəva görürlər. Hesab edirəm ki, bu cəhdlər Tehranın özünə də ziyandır. Xəritədə baxsaq, İranın ən sakit sərhədinin Azərbaycanla olduğunu görərik. Digər sərhədlərdə isə toqquşma və hərbi əməliyyatlar var. İranda müxtəlif dairələr öz mənfəətlərindən ötrü məsələni daha çox gündəmdə saxlamağa, Azərbaycana təzyiq göstərməyə çalışırlar. Azərbaycana isə təzyiq göstərmək yersizdir və haqsızdır. Çünki dövlətimiz hər şeyi və kimin hansı gücə sahib olmasını çox yaxşı bilir”.