İran və Pakistan hakimiyyəti regionda mövcud vəziyyəti gərginləşdirməkdə maraqlı deyil.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yelena Suponina deyib.
“İndi bütün bölgə silkələnəcək. Bu “Pandora qutusu”nu amerikalılar açıb, onlar uzun müddətdir ki, müxtəlif ölkələrdə fərqli hədəfləri öz təhlükəsizliyinə təhlükə görəndə vururlar. İndi başqaları da onlardan nümunə götürürlər. Amma nə Tehran, nə də İslamabad vəziyyəti vaxtaşırı zərbə mübadiləsinə çatdırmaq istəyir, çünki bu, çox asanlıqla regional toqquşmaya səbəb ola bilər”, – o bildirib.
Suponina qeyd edir ki, sərhədyanı ərazilərə endirilən zərbələr çox diqqətlə “işlənib”:
“Bölgə təlatümlü zonada olduğuna görə gələcəkdə daha bir zərbə olmayacağına zəmanət vermək mümkün deyil. Nə İranda, nə də Pakistanda vəziyyəti fəlakətə çevirmək üçün siyasi iradə var. Heç nəyə zəmanət vermək olmaz, bəzən hər şey qəza və ya hadisələrdən asılıdır. Sözügedən ölkələrin hakimiyyət orqanları gərginliyi daha da artırmaq istəmir”.